
Dubaydan Təl-Əvivə uçan və Səudiyyə Ərəbistanının Təbuk şəhərinə məcburi eniş edən “Flydubai” təyyarəsinin pilotlarından biri bıçaq xəsarəti alıb.
Modern.az xəbər verir ki, bu barədə İsrailin “Walla” portalı öz mənbələrinə istinadən məlumat yayıb. Bununla belə, pilotun öldüyü barədə məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib. “Reuters” və digər mənbələr təyyarənin Səudiyyə Ərəbistanıda təhlükəsiz eniş etdiyini və sərnişinlərin sağ olduğunu bildirir.
Bundan əvvəl İsrailin “i24News” telekanalı şahidlərə istinadən təyyarənin pilotlarından birinin bıçaqla yaralandığını xəbər vermişdi.
İsrailin 14-cü telekanalı isə insidentin səbəbinin pilotlardan birinin təyyarəni qəzaya uğratmağa cəhd göstərməsi ola biləcəyini iddia edib. Bildirilir ki, digər pilot buna mane olmaq üçün onunla fiziki mübarizəyə girib.
Hadisə zamanı təyyarənin göyərtəsində təxminən 180 sərnişin olub. Təyyarə fövqəladə vəziyyət siqnalı verdikdən sonra marşrutunu dəyişərək Səudiyyə Ərəbistanının Təbuk şəhərindəki hava limanına enib. İsrail tərəfi ilkin olaraq mümkün qaçırılma ehtimalını nəzərdən keçirib və havaya qırıcı təyyarələr qaldırıb. Sonrakı məlumatlarda isə insidentin pilotlar arasında baş verən qarşıdurma ilə bağlı olduğu bildirilib.
“Flydubai” şirkəti təyyarənin Təbukda təhlükəsiz eniş etdiyini və bütün sərnişinlərin sağ olduğunu açıqlayıb. Şirkət hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat verməyib və araşdırmanın aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində davam etdirildiyini bildirib.
İsrail mediasının yaydığı ilkin məlumatlara görə, hadisə zamanı pilotlardan birinin bıçaqla yaralanması ilə bağlı iddialar araşdırılır. Sərnişinlərin ifadələrində də kabinədə qan gördükləri və pilotlardan birinin bıçaqlandığı barədə məlumatlar yer alıb. Bu məlumatlar hələ müstəqil şəkildə təsdiqlənməyib.
***
Dubay-Təl-Əviv marşrutu üzrə uçan “Flydubai” aviaşirkətinə məxsus təyyarə mümkün qaçırılma barədə siqnal verdikdən sonra istiqamətini dəyişərək Səudiyyə Ərəbistanına yönəlib.
Modern.az xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
“Flightradar24”ün məlumatına görə, təyyarə İordaniya üzərində olarkən istiqamətini dəyişib. Bildirilib ki, ekipaj təyyarənin qaçırılması zamanı istifadə olunan fövqəladə kodu aktivləşdirib və yardım siqnalı göndərib.
İsrail Hərbi Hava Qüvvələri döyüş hazırlığı səviyyəsini yüksəldib və havaya qırıcı təyyarələr qaldırıb. Baş nazir Benyamin Netanyahu isə müdafiə qurumlarının nümayəndələrinin iştirakı ilə təhlükəsizlik üzrə iclas çağırıb.
Daha sonra təyyarə Səudiyyə Ərəbistanında təhlükəsiz şəkildə eniş edib.
Enişdən sonra İsrail mediası insidentin səbəbinin pilotlar arasında baş verən əlbəyaxa dava olduğunu bildirib. Pilotlardan biri rusiyalı, digəri isə ukraynalı olub. Əlbəyaxa dava nəticədə pilotlardan biri huşunu itirib və bu da həyəcan siqnalının işə düşməsinə səbəb olub.
“Flydubai” nümayəndələri pilotların münaqişəsindən şoka düşdüklərini bildiriblər.
Enişdən sonra hər iki pilot dərhal uçuşdan uzaqlaşdırılıb.
Aviaşirkət rəsmi olaraq təyyarənin qaçırılması ilə bağlı heç bir real təhlükənin olmadığını təsdiqləyib.
Təyyarənin göyərtəsində 174-dən çox sərnişinin olduğu, onların əksəriyyətinin İsrail vətəndaşları olduğu qeyd edilib.

