
Bakı.Trend:
Azərbaycan və Mərkəzi Asiya ölkələri birlikdə Avrasiyanın
nəqliyyat və kommunikasiya mənzərəsinin dəyişdirilməsi üzərində
çalışırlar.
Trend-in
müxbirinin verdiyi məlumata görə, bunu cümə günü Azərbaycan
Respublikası Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 regional forumunun
ikinci günündə çıxışı zamanı deyib.
“Biz Mərkəzi Asiyadakı dostlarımız və tərəfdaşlarımızla birlikdə
bütün Avrasiyanın nəqliyyat və kommunikasiya mənzərəsini
dəyişdirməyə çalışırıq”, – deyə H.Hacıyev bildirib.
Onun sözlərinə görə, əlaqəlilik Azərbaycan və Mərkəzi Asiya
ölkələri arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir və
regionun beynəlxalq bazarlara çıxışını genişləndirməsinə imkan
verir.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan və Mərkəzi Asiya
Şərqlə Qərb arasında formalaşan əlaqələrin mərkəzində yerləşir.
“Daha geniş Avrasiya qitəsinin tam mərkəzində Azərbaycan və Mərkəzi
Asiya Çindən Qərbə, eləcə də əks istiqamətdə – Şərqdən Qərbə qədər
yeni bağlantılar yaradır”, – deyə o bildirib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan nəqliyyat bağlantılılığını
yalnız Mərkəzi Asiya ölkələri ilə deyil, digər tərəfdaşlarla da
inkişaf etdirir və bunu daha geniş Avrasiya əməkdaşlığının praktiki
elementi kimi nəzərdən keçirir. Onun sözlərinə görə, nəqliyyat
əlaqələrinin inkişafı Azərbaycanın müxtəlif regionlarla iqtisadi
əməkdaşlığının genişlənməsi fonunda baş verir.
O qeyd edib ki, Azərbaycan son illərdə ABŞ, Çin və Avropa
İttifaqı ilə münasibətləri strateji səviyyəyə yüksəldib. “Son iki
il ərzində üç qlobal güclə strateji tərəfdaşlıq münasibətləri
qurmağa nail olmuşuq. Bunlar ABŞ, Çin və Avropa İttifaqıdır”, –
deyə H.Hacıyev bildirib.
Azərbaycanın xarici siyasətinin prinsiplərindən danışan
Prezidentin köməkçisi qeyd edib ki, ölkə strateji muxtariyyət,
suverenlik və müstəqillik prinsiplərinə söykənir. “Azərbaycan hər
zaman strateji muxtariyyəti, suverenlik və müstəqillik
prinsiplərini rəhbər tutur, çünki bu, bizim üçün strateji
aktivdir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycanın xarici siyasəti həmçinin
proqnozlaşdırıla bilənlik, şəffaflıq və açıqlıq prinsiplərinə
əsaslanır. “Biz həmçinin hesab edirik ki, xarici siyasət eksklüziv
olmamalıdır, bizim üçün bu, inklüziv prosesdir. Bir tərəfdaşla
münasibətlərimizin olması onların başqa bir tərəfə qarşı yönəlməli
olduğu anlamına gəlmir”, – deyə H.Hacıyev vurğulayıb.

