
Bakı. Trend:
Vahid məktəbli forması şagirdlər arasında geyimə görə
fərqlənməni azaltmağa, diqqəti dərslərə yönəltməyə və intizamı
gücləndirməyə xidmət edir.
Bunu Trend-ə
açıqlamasında tarix üzrə fəlsəfə doktoru, dosent Aynur Hacıqədirli
deyib.
Onun sözlərinə görə, təhsil haqqında qanunvericiliyə əsasən,
dövlət məktəbləri dünyəvi xarakter daşıyır:
“Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş vahid geyim
standartları müxtəlif nəticələrin əldə olunmasına hədəflənib. Vahid
geyim mühitində subyektiv yanaşmaların, fikir ayrılıqlarının, eləcə
də məktəb daxilində fərqli sosial və ideoloji simvolların
qabardılmasının qarşısının alınması nəzərdə tutulub. Bununla da
təlim-tərbiyə ocağının kənardan gətirilən təsirlərdən uzaqlaşaraq
sırf elmi və tədris yönümlü məkana çevrilməsi hədəflənir”.
A.Hacıqədirli bildirib ki, şagirdin geyimi onun məktəb
daxilindəki davranışına mühüm təsir göstərir:
“Pedaqoji psixologiya sahəsində hər zaman vurğulanır ki, geyim
davranışa və psixoloji köklənməyə birbaşa təsir edən amillərdəndir.
Şagirdin geyimi onun məktəb daxilindəki davranışına çox mühüm təsir
göstərir. Əvvəla, məktəbdəki geyimlə kənardakı geyim arasında
sərhəd qoyulur. Şagird məktəb, müəllimlər, cəmiyyət və valideynləri
qarşısındakı məsuliyyətini dərk edərək özünü dərslərə daha yaxşı
kökləyir. Digər tərəfdən, tədris prosesində uşaqların diqqəti
bir-birinin geyindiyi brendlərdən və xarici görünüşdən yayınaraq
tamamilə dərslərə yönəlir. Bu qaydaların tətbiqi şagirdlərimizin
davranışına, intizamına və məsuliyyətinə mühüm müsbət təsir
göstərəcək”.
Dosent əlavə edib ki, vahid məktəbli formasının sosial
üstünlükləri də var:
“Məktəblərə müxtəlif maddi imkanlara malik ailələrin övladları
gəlir və bəzən onlar arasında geyimlərini, var-dövlətlərini
sərgiləmək yarışı gedir. Vahid geyimin tətbiqi şagirdlər arasındakı
bu maddi yarışı və psixoloji təzyiqi minimuma endirəcək. Şagirdlər
geyimlərinə görə fərqlənmədikdə bu gərginlik də aradan qalxır. Bu
baxımdan vahid geyimin tətbiqini vacib hesab edirəm”.
A.Hacıqədirli vurğulayıb ki, bu prosesdə sinif rəhbərlərinin də
üzərinə böyük məsuliyyət düşür:
“Bu prosesdə yalnız rəhbərliyin deyil, eyni zamanda sinif
rəhbərlərinin də üzərinə böyük məsuliyyət düşür. Onlar
valideynlərlə dialoqda olmalı, maarifləndirici görüşlər keçirməli
və bu qaydaların tətbiqinin mahiyyətini düzgün izah etməlidirlər.
Valideynlər bu fikri mənimsədikdən sonra onu öz ailələrində
rahatlıqla tətbiq edəcəklər. Güc və ya məcburiyyət tətbiq etməklə
müsbət nəticə əldə etmək mümkün deyil. Uğurlu nəticə yalnız
qarşılıqlı dialoq, danışıqlar və maarifləndirmə işinin artırılması
sayəsində mümkün olacaq”.

