
Bakı.Trend:
Ukrayna Ali Radası əsas sosial yardım haqqında Avrointeqrasiya
qanununu qəbul edib.
Bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.
Qanunu çərşənbə axşamı Ali Radanın plenar iclasında 247 deputat
yekdilliklə dəstəkləyib.
“Qanun aztəminatlı ailələrə verilən ayrı-ayrı ödənişləri vahid
kompleks dəstək sistemində birləşdirir. Sənəd pul yardımı ilə
yanaşı, icma səviyyəsində sosial xidmətlərin göstərilməsini nəzərdə
tutur və hər bir ailəyə fərdi yanaşmanı təmin edir”, – deyə Ali
Radanın dövlət hakimiyyətinin təşkili, yerli özünüidarəetmə,
regional inkişaf və şəhərsalma məsələləri komitəsinin rəhbəri,
“Xalqın xidmətçisi” fraksiyasının üzvü Yelena Şulyak
“İnterfaks-Ukrayna” agentliyinə bildirib.
Onun sözlərinə görə, müharibə sosial riskləri daha da artırıb və
çətin həyat şəraitində olan ailələrin sayının çoxalmasına səbəb
olub. Mövcud sosial dəstək sistemi isə hələ də pərakəndə xarakter
daşıyır: dövlət ödənişləri icma səviyyəsində göstərilən sosial
xidmətlərlə inteqrasiya olunmayıb.
Deputat bildirib ki, Ukraynada 2025-ci il iyulun 1-dən etibarən
artıq əsas sosial yardımın göstərilməsi üzrə bir neçə ödəniş növünü
birləşdirən eksperimental layihə həyata keçirilir. Bunlara
aztəminatlı ailələrə, tək analara və çoxuşaqlı ailələrə verilən
yardımlar, valideynləri aliment ödəməyən uşaqlara ödənişlər, habelə
pensiya almaq hüququ olmayan şəxslərə və əlilliyi olan şəxslərə
göstərilən yardımlar daxildir. Deputat qeyd edib ki, yeni qanun
layihəsi eksperimentin nəticələri nəzərə alınmaqla bu modeli daimi
əsasda təsbit edir.

