Turistlərin və iş adamlarının Azərbaycanla quru sərhəddən keçidi gündəmdədir – Ərdəbil valisi (Özəl)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan İranın şimal-qərbində yerləşən Ərdəbil vilayəti üçün
Qafqaz və Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin bazarlarına
giriş qapısı hesab olunur.

Bunu Trend-ə
açıqlamasında İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganə
deyib.

“Azərbaycanın coğrafi mövqeyi, logistika, geosiyasi və iqtisadi
baxımdan böyük önəm kəsb edir. İran və İranın Ərdəbil vilayəti
Azərbaycanın bu mövqeyindən ticarət mübadilələrinin və iqtisadi
əlaqələrin güclənməsi üçün istifadə edə bilər.

İranın Ərdəbil vilayətinin Azərbaycanla 370 km uzunluğunda birgə
sərhədi olduğunu nəzərə alaraq ticarət və iqtisadi əməkdaşlığın
artırılması və iqtisadi əlaqələrin sadələşdirilməsi diqqət
mərkəzindədir”, – deyə o qeyd edib.

İmami Yeganə əlavə edib ki, hazırda gündəmdə turistlərin və iş
adamlarının quru sərhəd keçidləri ilə keçidinə şəraitin
yaradılmasıdır. Bu istiqamətdə müsbət addım atılarsa, Ərdəbil
vilayəti, ümumilikdə İranın ticarət əlaqələrinin inkişafında
effektiv təsiri olacaq.

“Ərdəbilli iş adamlarının Azərbaycan vasitəsi ilə ticarəti
həyata keçirməsi üçün onların quru sərhəd-keçidindən keçməsinə
şəraitin yaradılması ticarət əlaqələrinin artmasına köməklik
göstərə bilər.




Cari İran ilinin 6 ayı (21 mart -22 sentyabr 2026) ərzində
İranın Ərdəbil vilayətindən 100 milyon dollar dəyərində məhsullar
ixrac olunub. Ötən İran ilində (21 mart 2025 -20 mart 2026) isə
Ərdəbil vilayətinin məhsul ixracı 278 milyon dollar təşkil edib.
Ərdəbil vilayətinin məhsulları əsasən Biləsuvar gömrüyü vasitəsi
ilə Azərbaycan, Gürcüstan və Avrasiya İqtisadi İttifaqına üzv
ölkələrə ixrac olunur. Vilayətin məhsul ixracı əsasən kənd
təsərrüfatı və istixana məhsulları üzrədir”, – deyə o bildirib.

Ərdəbil valisi deyib ki, Ərdəbil vilayətinin Azərbaycanla
sərhədində Biləsuvar sərhəd-keçid məntəqəsindən gündəlik 500 yük
maşını keçir. Biləsuvar gömrüyündə keçidin sadələşdirilməsi ticarət
dövriyyəsinin artmasına öz töhfəsini verə bilər.

İmami Yeganə bildirib ki, Ərdəbil vilayətinin kənd təsərrüfatı
sektorunda müəyyən potensialları var. Ərdəbil kənd təsərrüfatı
sektorunda yeni suvarma texnologiyası sahəsində Azərbaycanla
əməkdaşlıq etməyə hazırdır.

“Ərdəbil vilayətində Azərbaycanla dəmiryolu əlaqələrinin
inkişafı istiqamətində dəmiryol logistika terminalının yaradılması
üçün lazımi razılaşmalar əldə olunub. Bu terminalın yaradılması
Ərdəbil vilayəti və İranın iqtisadi əlaqələri inkişaf etdirməsi
üçün önəmli planlardan biridir”, -deyə o qeyd edib.

Ərdəbil valisi əlavə edib ki, İranın sərhəd vilayətləri ilə
Azərbaycan arasında fövqəladə hallarla əlaqədar iki ölkə arasında
anlaşma sənədinin tənzimlənməsi nəzərdə tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir