Paşinyanın vasitəçi dövlət başçılarına çoxsaylı telefon zənglərindən, yalvar-yaxarından sonra oktyabrın 10-da Moskvada ilk humanitar atəşkəs razılığı bəyan olundu. Üstündən heç bir gün keçməmiş, Ermənistan bu razılığı həm döyüş bölgəsində pozdu, həm də bu bölgəyə heç bir aidiyyəti olmayan Gəncəni, onun mülki əhalisini öz ərazisindən atdığı raket zərbəsinə məruz qoydu, terrorçu və vəhşi xislətinə sadiq qaldığını nümayiş etdirdi. Aralarında uşaq, qadın olmaqla 13 nəfər həlak oldu, 30-dan çox mülki şəxs xəsarət aldı. Üç uşaq hər iki valideynini itirdi.
Əksər beynəlxalq təşkilatlar və beynəlxalq media qurumları, nədənsə susdular, bu terror aktına göz yumdular. Elələri də tapıldı ki, Paşinyanın bu vəhşiliyinin səbəb olduğu Gəncə faciəsindən çəkilmiş fotoşəkilləri dünyaya Xankəndi faciəsi kimi təqdim etdi. Ardıcıl hərbi məğlubiyyətlərdən sonra hakimiyyətini itirmək təhlükəsi ilə üz-üzə qalan Paşinyan isə insanlığa qarşı müharibə cinayətlərini davam etdirmək yolunu seçdi.
Çünki beynəlxalq birliyin və vasitəçilərin sərt qınağını görmədi, cəzasız qalacağına inamı daha da artdı.
Elə bu səbəbdən, növbəti müharibə cinayətinə əmr verdi. Yenə də gecə saatlarında Gəncənin mülki əhalisini Ermənistan ərazisindən raket zərbəsinə məruz qoydu. Bu dəfə 13 nəfər günahsız insan həlak oldu, 50-dan çox mülki şəxs yaralandı. Paşinyanın bu terrorunu pisləmək, qınamaq əvəzinə, Azərbaycandan növbəti dəfə humanitar atəşkəsə razılıq istənildi.
Baxmayaraq ki, erməni lobbisi beynəlxalq media məkanında məzlum və təqib edilən erməni milləti obrazının yalan və saxta təbliğini davam etdirməklə məşğuldur. 2017-ci ildə Füzuli rayonunun Alxanlı kəndində Ermənistanın törətdiyi hərbi təxribat zamanı nənəsi ilə birlikdə həyatını itirən bir yaşlı Zəhra Quliyevanın al qan içində olan fotoplakatı dünya ictimaiyyətinə həyasızcasına erməni uşağının fotoşəkli kimi təqdim edilir.
Mülki əhalimizə qarşı terror aktlarının davam etdirildiyi, Gəncə faciəsinin ermənilər tərəfindən təhrif olunmuş şəkildə dünya birliyinə təqdim olunduğu bir şəraitdə, terrorçu Paşinyanın xahişi və vasitəşilərin təhriki ilə, oktyabrın 18-i 00-dan etibarən yeni humanitar atəşkəs razılığı elan olundu. Ermənistanın siyasi hakimiyyəti bu dəfə də xain xislətindən əl çəkmədi.
Səhər saat yedii radələrindən etibarən cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd etdi,humanitar atəşkəsi növbəti dəfə pozdu. Buna qədər isə, atəşkəs razılığından heç beş dəqiqə keçməmiş Gədəbəy və Tovuz rayonlarını Ermənistan ərazisindən iriçaplı silahlardan atəşə tutdu.
Humanitar atəşkəs çağırışı edib Paşinyana hərbi-siyasi nəfəslik verən vasitəçilər, niyə hələ də qəbul etmirlər ki, Ermənistan onların sülhə xidmət səylərinə kölgə salmaqla yanaşı, vəhşi əməllərindən də əl çəkmək niyyətində deyil. Çünki Paşinyan hakimiyyətinin mahiyyəti ənənəvi olaraq faşizmə, terrora və xəyanətə söykənir.
Atəşkəs razılıqlarından sonra Ermənistanın Gəncədə mülki əhaliyə qarşı törətdiyi terror aktları, döyüş zonasında və artıq dövlət sərhədində həyata keçirdiyi hərbi təxribatlar bir daha sübut edir ki,vasitəçilərin sülhə çağırış səyləri Paşinyanın daha da azğınlaşmasına, günahsız insanların qanının tökülməsinə, işğalçının yenidən silahlanması üçün vaxt əldə etməsinə və toparlanmasına xidmət edir.
Bütün bunlara görə cəmiyyətimizdə haqlı sual yaranır. Paşinyanı və onun simasında işğalçı Ermənistanı Qarabağda həlledici məğlubiyyətdən xilas etmək mənasını alan humanitar atəşkəs çağırışı və səylərinin arxasında əslində kimlərin və hansı maraqları dayanır? Hümanitar atəşkəsin şərtlərini ardıcıl şəkildə pozan Paşinyana bu inam və dəstək hansı “mötəbər”siyasi ünvandan qaynaqlanır?
Bəsdir, yetər artıq. Azərbaycan dövlətinin və xalqının səbr və etimadı ilə bu qədər oynamaq olmaz. Humanitar atəşkəs şərtlərini pozub, Azərbaycanın dövlət müstəqilliyi günündə müstəqilliyimizə tuşlanan hər bir atəşin bədəli daha ağır olacaq. Qoy, Paşinyan və havadarları bunu da bilsinlər.
Xalqımızı isə bu müqəddəs gün münasibəti ilə ürəkdən təbrik edir, Ali Baş Komandanımıza və Ordumuza yeni qələbələr arzu edirəm. Allah Ordumuza və xalqımıza yar olsun, Azərbaycana xidmət edənləri və onu sevənləri qorusun!
Milli Məclisin deputatı
Ülvi Quliyev