Azərbaycanın 10 Noyabr Bəyanatının bəndlərinin yerinə yetirilməsi üçün qoyduğu tələblər və etdiyi hərəkətlər ermənilərə necə od qoyubsa, onlar bunun heyfini təbiətdən çıxırlar.
Vandallıq, vəhşilik, insanlığa və bəşəriyyətə düşmən kəsilmək erməni millətçiliyinin məhək daşıdır, ona görə də onların “qisas”ına təəccüblənmək lazım deyil.
Laçın yoluna alternativ marşrutun Azərbaycan hissəsində tikintisinin başa çatmasından sonra Laçın şəhərindən, Zabux və Sus kəndlərindən ermənilər çıxırlar.
Bu, Bakının mütləq tələbidir və ermənilər, Ermənistan hökuməti həmin şərtlər qarşısında aciz durumdadırlar.
Azərbaycanın verdiyi vaxt başa çatır, ermənilər avqustun sonu-sentyabrın əvvəlinə qədər Laçın, Zabux və Susu tərk etməlidirlər və edirlər, Bakının göstərdiyi strateji inadkarlıq Xankəndidəki ermənilərin də kürkünə birə salır.
Amma erməni xisləti, terrorçu və vandal mahiyyət Azərbaycanı təbiətlə sınağa çəkməyə çalışır.
Laçındakı meşələrə od vurulması ermənilərin əvvəl-axır Azərbaycan ərazilərindən rədd olub getməsi ilə barışmasının təzahürüdür.
Lakin istər-istəməz ortaya bir sual çıxır: Azərbaycan torpaqlarında müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları Laçın şəhərindən, Zabuxdan və Susdan çıxan ermənilərin vandallığına niyə göz yumurlar?
Azərbaycan bununla bağlı Rusiyaya böyük ehtimalla sorğular göndərir, lakin görünür ki, sülhməramlı əməliyyata dair yayındırıcı cavablar alır.
Hesab etmək olar ki, Rusiya “biz hər kəsin yanına hərbçi qoya bilmərik” məntiqi ilə cavab verir və sülhməramlılara ermənilərin vəhşi aktlarına qarışmamağı tapşırır.
Amma sülhməramlı əməliyyat təkcə hərbi insidentlərin və ya mülki-hərbi qarşıdurmanı önləmək üçün deyil, bunun həm də humanitar və digər təhlükəsizlik tərəfləri də mövcuddur.
Ermənilərin Azərbaycan meşələrini, evləri yandırmaları həmin bölgənin təhlükəsizlik mühitini müvəqqəti də olsa qaraldır.
Ona görə də sülhməramlılar zəhmət çəkib özlərinin xidmət zonasında bu cür əməllərin törədilməsinin qarşısını almalıdırlar.
Sülhməramlılar erməninin könlünü xoş tutmaq meylindən qaçmalı, yeri gələrsə, təhlükəsizlik tədbirlərinin tələbi olaraq sərt qayda-qanun yaradıb vandalları ram etməlidirlər.
Rusiya Müdafiə Nazirliyi manipulyasiyaya yol verməməlidir, sülhməramlıların qarşısında yeni əmrlər qoymalıdır.
Əks təqdirdə, reputasiyası onsuz da zədəli olan sülhməramlılara olan-qalan etimad sıfırın altına düşəcək.
Ermənilərin nəyi odlamasından asılı olmayaraq isə Azərbaycan öz prinsipial addımları ilə erməni separatçıları və İrəvan administrasiyasını yandırıb-yaxmaqda davam edəcək.
Azərbaycan dövləti sülhməramlıların nəzarət zonasında olan digər ərazilərdə, o cümlədən Xankəndi və Xocalı şəhərlərində də suveren hüquqlarını bərpa edəcək.
Aqşin Kərimov
www.RIA24.az