Neftin qiyməti Azərbaycanın büdcə balansına və Dövlət Neft Fondunun aktivlərinə necə təsir edəcək? – Rəsmi AÇIQLAMA

Baş səhifə

Bakı. Trend:

Neftin qiymətinin proqnozlaşdırılan səviyyədən aşağı düşməsi
Azərbaycanın icmal büdcəsinin balansına və Dövlət Neft Fondunun
(DNF) aktivlərinə mənfi təsir göstərə bilər. Bununla belə,
2027–2030-cu illərdə neft qiymətlərində mümkün dəyişikliklərin
fiskal göstəricilərə təsirlərinin büdcə qaydası vasitəsilə
məhdudlaşdırılması nəzərdə tutulur.

Bu barədə Maliyyə Nazirliyinin yaxın dörd ili əhatə edən
Ortamüddətli Xərclər Çərçivəsində bildirilib.

Sənəddə qeyd olunur ki, neft-qaz sektorunun dövlət büdcəsinin
gəlirlərində və ölkənin ixracında əhəmiyyətli paya malik olması xam
neftin qiymətində və hasilat həcmində baş verən dəyişikliklərin
fiskal və makroiqtisadi göstəricilərə təsirini artırır. Neft
qiymətlərinin proqnozlaşdırılan səviyyədən aşağı düşməsi neft-qaz
gəlirlərinin azalmasına, nəticədə icmal büdcə balansının
zəifləməsinə və Dövlət Neft Fondunun aktivlərinin azalmasına səbəb
ola bilər.

Bu baxımdan, qlobal enerji bazarındakı qiymət dəyişkənliyinin,
hasilat perspektivlərinin və geosiyasi proseslərin dövlət
maliyyəsinə potensial təsirlərinin qiymətləndirilməsi xüsusi
əhəmiyyət daşıyır.

Neft bazarındakı qeyri-müəyyənlikləri nəzərə almaq üçün
2027–2030-cu illər üzrə neft qiymətlərinin baza proqnozundan mümkün
kənarlaşmaları müxtəlif ssenarilər əsasında təhlil edilib. Bu
ssenarilər neftin qiymətinin baza göstəricisindən 5, 10, 15 və 20
ABŞ dolları yuxarı və ya aşağı dəyişməsini nəzərdə tutur.

Sənəddəki qrafiklərdə mərkəzi xətt baza proqnozunu, rəngli
zolaqlar isə neft qiymətinin mümkün dəyişmə diapazonlarını əks
etdirir. Bu yanaşma neft qiymətlərinin həm yüksəlməsi, həm də
azalması şəraitində büdcə göstəricilərinin və Dövlət Neft Fondunun
aktivlərinin necə dəyişə biləcəyini qiymətləndirməyə imkan
verir.

Qrafiklərə əsasən, Dövlət Neft Fondunun aktivlərinin baza
ssenarisində 2030-cu ildə 73,9 milyard ABŞ dolları səviyyəsində
olacağı nəzərdə tutulur. Müxtəlif neft qiyməti ssenarilərində
aktivlərin baza göstəricisindən təxminən 0,9–1,8 milyard dollar
intervalında fərqlənəcəyi proqnozlaşdırılır.

Neft qiymətlərinin baza proqnozundan mümkün kənarlaşması nəzərə
alınmaqla, 2027-ci ildə icmal büdcə balansının ÜDM-ə nisbətinin
baza ssenarisindəki mənfi 2 faiz göstəricisi ilə müqayisədə
müxtəlif ssenarilər üzrə təxminən 1,4–2,7 faiz bəndi intervalında
dəyişə biləcəyi gözlənilir.




Sənəddə dünya bazarlarında neft qiymətlərinin dəyişkənliyinə
baxmayaraq, növbəti ildə qiymətlərin bir barel üçün 65 ABŞ
dollarından aşağı düşməsi ehtimalının az qiymətləndirildiyi və neft
qiymətləri kanalı vasitəsilə yaranan fiskal risklərin aşağı hesab
olunduğu bildirilir.

Fiskal risklərin azaldılması üçün hansı tədbirlər görüləcək?

Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, neft və təbii qaz
qiymətlərindəki dəyişkənliyin dövlət maliyyəsinə təsirini
məhdudlaşdırmaq və makro-fiskal dayanıqlığı qorumaq üçün büdcə
qaydasının tətbiqi davam etdiriləcək.

Bu mexanizmin əsas istiqamətlərindən biri icmal büdcənin
qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin müəyyən
edilmiş hədəflər çərçivəsində saxlanılmasıdır. Belə yanaşma dövlət
maliyyəsinin neft-qaz gəlirlərindəki dəyişikliklərdən asılılığının
mərhələli şəkildə azaldılmasına xidmət edir.

Bununla yanaşı, Dövlət Neft Fondundan dövlət büdcəsinə
transfertin manatla müəyyən edilməsi neftin qiymətində, hasilat
həcmində və valyuta məzənnəsində baş verən dəyişikliklərin büdcə
gəlirlərinə birbaşa təsirini məhdudlaşdırır. Transfertin məbləğinin
bu amillərdən birbaşa asılı olmaması dövlət büdcəsinin neft
gəlirlərinin daha proqnozlaşdırıla bilən şəkildə formalaşmasına
şərait yaradır.

Büdcə qaydası çərçivəsində qeyri-neft baza kəsirinin qeyri-neft
ÜDM-ə nisbətinin və Dövlət Neft Fondundan dövlət büdcəsinə
transfertlərin ortamüddətli dövrdə mərhələli şəkildə azaldılması
nəzərdə tutulur.

Bu tədbirlərin əsas məqsədi neft-qaz gəlirlərindən fiskal
asılılığı azaltmaq, dövlət maliyyəsində intizamı qorumaq və Dövlət
Neft Fondunun aktivlərinin uzunmüddətli perspektivdə saxlanılmasını
təmin etməkdir.

Beləliklə, neft qiymətlərində mümkün dəyişikliklərin dövlət
büdcəsinə təsirlərinin məhdudlaşdırılması və büdcə siyasətinin daha
dayanıqlı əsaslarla həyata keçirilməsi Azərbaycanın ortamüddətli
fiskal siyasətinin əsas prioritetləri sırasındadır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir