
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik
rəhbərliyi altında dövlətimizin orta güc olaraq meydana çıxması,
qətiyyətli xarici siyasəti, beynəlxalq nüfuzunun ildən-ilə artması,
beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfə, regional tranzit
dəhlizlərindəki strateji əhəmiyyəti və ölkədaxili siyasi-iqtisadi
sabitlik xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının
miqyasını xeyli artırıb.
Bölgəmizdə davam edən müharibə və gərginliklər fonunda sabitlik
adası kimi səciyyələndirilən Azərbaycan Respublikası son vaxtlar
heç zaman görünməmiş şəkildə və sinxron formada dini-ideoloji
təxribatlara, əlaqələndirilmiş informasiya əməliyyatlarına və
kiberhücumlara məruz qalıb.
Müxtəlif azadlıqlar adı altında xalqımızın çoxəsrlik mili-mənəvi
və multikultural dəyərləri, dini inancları hədəf alınır, cəmiyyətdə
həqiqət anlayışını məhv etmək üçün zərərli fəaliyyətlər vasitəsilə
insanlarımıza yad ideologiyalar doğru yol kimi təqdim edilir.
Aidiyyəti dövlət orqanları ilə birgə araşdırmalar zamanı müəyyən
edilib ki, ictimai rəyi manipulyasiya etməyə, cəmiyyətdə qütbləşmə
yaratmağa, dövlət qurumlarına etimadı sarsıtmağa yönələn təsir
əməliyyatları, kiberhücumlar və terror-təxribat niyyətləri ölkə
daxilində və xaricində olan təsir agentləri və gizli təşkilatlar,
rəqəmsal məkanda isə haker qrupları, xarici media quruluşları, real
və saxta hesablar, habelə botlar vasitəsilə aparılır.
Təəssüflə qeyd etməliyik ki, dost və qonşu ölkələrin ərazisində
fəaliyyət göstərən, Azərbaycanı sevməyən qüvvələr öz dezinformasiya
məzmunlarını müstəqil görünən kanallar vasitəsilə rəqəmsal
platformalara yeridib, cəmiyyətdə etnik, dini və ya siyasi zəmində
qırılma xətləri yaratmağa çalışırlar. Onların istəyi ölkə içində
nifaq salmaq, fərqli düşüncəli vətəndaşlarımızı bir-birinə düşmən
etmək, zorakılığı alovlandırmaq və dövlətimizi daxildən
sarsıtmaqdır.
Hibrid təhdid aktorları “hesablama propaqandası” metodu ilə
ictimai rəyi çaşdırmaq və cəmiyyətdə fraqmentasiyanı dərinləşdirmək
məqsədilə insanları media və sosial şəbəkələrdə onların müəyyən
baxışlarını dəstəkləyən saxta məlumatları fəal şəkildə axtarmağa,
bu informasiyalara inanmağa və digər şəxslər arasında yaymağa
təşviq edirlər.
Alqoritmlər tərəfindən idarə olunan məzmun paylaşımları “əks-səda kameraları” effekti yaradaraq istifadəçilərin yalnız öz
mövcud inanc, baxış və dünyagörüşlərini əks etdirən məlumatlarla
qarşılaşmalarına səbəb olur. Vətəndaşlarımızın emosional
reaksiyalarını cəlb etməyə hesablanmış paylaşımlar rəqəmsal
platformalarda mövcud alqoritmlər sayəsində geniş kütlələrə
yönəldilir.
Bundan əlavə, “filtr qabarcıqları” mexanizmi ilə zərərli məzmun
yalnız onu qəbul etməyə hazır olan, artıq müəyyən istiqamətdə təsir
altına düşmüş auditoriyaya çatır. Bu isə manipulyasiyanın
effektivliyini həndəsi silsilə ilə artırır.
Belə bir mühitdə qeyd edilən aktorlar klassik təbliğat
üsullarına müraciət etmədən platformaların öz infrastrukturu
vasitəsilə yad dəyərləri təşviq etmək, milli sabitliyi sarsıtmaq və
cəmiyyətimizi daxildən parçalamaq niyyəti güdürlər.
Monitorinqlər zamanı, həmçinin müəyyən edilmişdir ki,
Azərbaycana qarşı bəlli mərkəzlərdən aparılan məkrli fəaliyyətlərin
miqyasına baxmayaraq, Qalib Xalqımız qətiyyətli mövqe sərgiləyərək
təxribatlara uymamış, dövlətin atdığı addımları birmənalı şəkildə
dəstəkləmiş, bölücü məzmunun və şəxslərin ifşa edilməsində lazımi
köməyini bu gün də davam etdirir.
Bir daha bəyan edirik ki, Milli Məclisin Xarici müdaxilələrə və
hibrid təhdidlərə qarşı komissiyası, aidiyyəti komitələri və
Aparatının struktur bölmələri, habelə müvafiq dövlət qurumları
dövlətimizə qarşı həyata keçirilən bu çirkin hibrid hücumların
qarşısını müvəffəqiyyətlə alır və bundan sonra da istənilən həmləni
cavabsız qoymayacaqdır.
Komissiyamız, eyni zamanda, Azərbaycan əleyhinə aparılan bu
fəaliyyətləri qınayan dost və qonşu ölkə vətəndaşlarına ədalətli
mövqelərinə görə dərin təşəkkürünü bildirir.

