
Bakı. Trend:
PAŞA Kapital İnvestisiya Şirkəti Azərbaycanın kapital bazarları
tarixində növbəti bir ilkə imza ataraq, dövlətin kredit zəmanəti
mexanizmi əsasında korporativ istiqrazların yerləşdirilməsini
uğurla tamamlayıb.
Belə ki, “AZƏRMAŞ GROUP” MMC-nin 10 milyon manatlıq korporativ
istiqrazları İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti
əsasında “PAŞA Kapital”ın anderrayterliyi ilə 15 oktyabr 2026-cı il
tarixində Bakı Fond Birjasında (BFB) keçirilən rəqabətli hərracda
tam həcmdə yerləşdirilib.
İnvestorların fəal iştirakı ilə baş tutan yerləşdirməyə 66
fiziki və 5 hüquqi şəxs olmaqla, ümumilikdə 71 investor qoşulub.
İstiqraz emissiyasının 100% reallaşdırılması “PAŞA Kapital”ın
kapital bazarında uğurlu anderraytinq fəaliyyətinin daha bir
göstəricisi olub.
İnvestorların sayı və yerləşdirdikləri sifarişlər üzrə həcm
bölgü aşağıdakı kimi formalaşıb:
Fiziki şəxslər: 66 investor, 4 233 000 AZN (42,33%)
sifariş həcmi;
Hüquqi şəxslər: 5 investor, 5 767 000 AZN (57,67%)
sifariş həcmi.
Hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd istiqraz
illik 13% kupon gəliri və 3 illik tədavül müddəti ilə investorlara
təqdim edilib. İstiqrazlar üzrə faiz ödənişləri ilk yerləşdirmə
tarixindən etibarən hər 3 aydan bir həyata keçiriləcək.
PAŞA Kapitalın məhsul və xidmətləri haqqında ətraflı məlumat
üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya www.pashacapital.az
saytına daxil ola bilərsiniz.

