
Bakı. Trend:
Müasir İncəsənət Muzeyində rəssam Anar Hüseynzadənin “O” adlı
fərdi sərgisinin açılış mərasimi olub.
Tədbirdə Alyona Əliyeva və Azərbaycan Respublikası Prezidentinin
köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov
iştirak ediblər.
Müasir İncəsənət Muzeyinin müdiri Rəna Məmmədova sərginin
əhəmiyyətindən danışaraq ekspozisiyada nümayiş olunan əsərlərin
rəssamın təbiətə, dünyaya, insanın yaradılışına və varoluşuna dair
düşüncələrini əks etdirdiyini qeyd edib. Bildirib ki, əsərlər
tamaşaçılara sərbəst düşünmək, fərqli yanaşmalar formalaşdırmaq və
öz yozumlarını yaratmaq imkanı verir.
Rəssam Anar Hüseynzadə çıxışında yaradıcılıq prosesinin
mahiyyəti və insanın axtarışları barədə düşüncələrini bölüşüb.
Bildirib ki, yaradıcı insan daim axtarışdadır. Hər kəsin öz
axtarışı var: kimisi Tanrını, kimisi sevgini, kimisi isə əyləncəni
axtarır. Rəssamın sözlərinə görə, əsas məsələ axtardığını tapmaq
deyil, axtarış prosesinin özüdür. O, təqdim etdiyi əsərlərin də
yaradıcılıq axtarışlarının ifadəsi olduğunu vurğulayıb.
Sərginin kuratoru Fəridə Əliyeva sərginin konsepsiyası və “O”
anlayışının fəlsəfi mahiyyəti haqqında danışıb. Diqqətə çatdırılıb
ki, bu anlayış konkret varlığı deyil, insanın əsrlər boyu axtardığı
həqiqət və mənəvi anlamı simvolizə edir. Sərginin hazırlanmasında
əsas məqsəd əsərlər arasında məna və fikir bütövlüyü
yaratmaqdır.
Sərgidə nümayiş olunan fiqurativ rəngkarlıq nümunələri və
portretlər insanın daxili dünyası haqqında düşüncələri əks etdirir.
Ekspozisiyanın əsasını təşkil edən “O” anlayışı görünən və
görünməyən aləmlər arasındakı əlaqəni simvolizə edir. Ədəbiyyat,
tarix, əfsanələr və dini-fəlsəfi ənənələrdən ilhamlanan əsərlər
insanın mənəvi axtarışlarına həsr olunub. Rəssam “O” anlayışını
insanın yaxınlaşmağa çalışdığı həqiqətin ifadəsi kimi təqdim edir.
Sərgi tamaşaçıları bu mövzu ətrafında düşünməyə və əsərləri öz
baxışları əsasında dəyərləndirməyə dəvət edir.
Qeyd edək ki, Anar Hüseynzadənin yaradıcılığı müxtəlif mövzu və
obrazlar vasitəsilə insan, yaddaş, mənəvi axtarış və varlıq
məsələlərinə müraciət edir. Rəssamın əsərləri Azərbaycanla yanaşı,
Böyük Britaniya, Fransa, Almaniya, İsveçrə, Avstriya, Lüksemburq,
Norveç, Türkiyə, ABŞ, Kanada və Avstraliya da daxil olmaqla
müxtəlif ölkələrdə şəxsi və dövlət kolleksiyalarında yer alır.

