Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı dünyaya fayda verəcək qərar qəbul edəcəyini bildirib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalar
məsələsində həm ABŞ-ın, həm də bütövlükdə dünyanın maraqlarına
uyğun qərar vermək niyyətində olduğunu açıqlayıb.

Amerika lideri bu barədə Floridada yerləşən Mar-a-Laqo
iqamətgahında jurnalistlərə danışarkən bildirib.

“Bir çoxunuz hələ hansı qərarı verəcəyimi bilmirsiniz. Lakin bu
məsələni həll edəcəyik və bundan sonra hər şey sizə məlum olacaq.
Hesab edirəm ki, qəbul edəcəyimiz qərar həm ölkəmizə, həm də bütün
dünyaya böyük fayda gətirəcək. Çünki biz qlobal miqyasda fəaliyyət
göstəririk”, – Tramp qeyd edib.

ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, prezident
Rusiyaya qarşı mümkün sanksiyaların, eləcə də digər ölkələrə
tətbiqi nəzərdə tutulan əlaqəli gömrük rüsumlarının təsirlərini
araşdırmaq üçün 60 günlük müddətdən yararlanmaq istəyir.




“Əsas çətinlik ondan ibarətdir ki, söhbət yalnız Rusiyaya qarşı
sanksiyalardan getmir. Tədbirlər Hindistan da daxil olmaqla, bir
sıra ölkələrə tətbiq edilə biləcək gömrük rüsumlarını da əhatə
edir. Buna görə də prezident ayrılmış 60 gün ərzində bu
məhdudiyyətlərin və rüsumların dünya iqtisadiyyatına, o cümlədən
ABŞ iqtisadiyyatına mümkün təsirlərini qiymətləndirmək
niyyətindədir”, – Rubio jurnalistlərə açıqlamasında deyib.

Dövlət katibi əlavə təhlilin aparılmasının zəruriliyini dünya
enerji bazarlarında müşahidə olunan mürəkkəb vəziyyətlə
əlaqələndirib.

Onun sözlərinə görə, enerji təchizatına İran ətrafında baş verən
hadisələr, Hörmüz boğazında artan gərginlik, husilərin Səudiyyə
Ərəbistanına hücumları, həmçinin Rusiya-Ukrayna münaqişəsi
çərçivəsində enerji infrastrukturuna endirilən zərbələr təsir
göstərir.

Rubio vurğulayıb ki, bütün bu amillər birlikdə qlobal enerji
qiymətlərinin formalaşmasına təsir edir. Bu səbəbdən Vaşinqton yeni
məhdudlaşdırıcı tədbirlərin yarada biləcəyi iqtisadi nəticələri
ətraflı şəkildə təhlil etməyi planlaşdırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir