
Bakı. Trend:
İçərişəhərdə fəaliyyətə başlayan innovativ və immersiv “Time
Pavilion” muzeyində yerli sakinlər üçün pulsuz ziyarət günləri
təşkil olunacaq.
Bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə
Heyətinin sədri Rüfət Mahmud bazar ertəsi muzeyin açılışında
Trend-in sualını
cavablandırarkən deyib.
O bildirib ki, virtual reallıq texnologiyası vasitəsilə muzeyin
ziyarətçiləri Bakının 1919-cu il mənzərəsi ilə tanış olmaq, həmin
dövrün ab-havasını hiss etmək imkanı qazanacaqlar.
“Bu muzey İdarənin “Ağıllı qoruq” konsepsiyasının bir
hissəsidir. Müasir texnologiyalar vasitəsilə ziyarətçilərin yeni
təəssüratlar yaşamasına şərait yaradırıq. Muzey bu gündən
fəaliyyətə başlayır və inanırıq ki, İçərişəhərin mühüm ziyarət
məkanlarından birinə çevriləcək”, – deyə sədr qeyd edib.
Bilet qiymətləri ilə bağlı sualı cavablandıran R.Mahmud bildirib
ki, İçərişəhərdə bilet siyasəti yenilənir, bir neçə paket yenidən
hazırlanıb. Azərbaycan vətəndaşları üçün güzəştli bilet qiymətləri
tətbiq olunur.
Onun sözlərinə görə, İçərişəhər sakinləri üçün nəzərdə tutulan
proqram müxtəlif tədbirləri də əhatə edir və sakinlər üçün ayrıca
pulsuz ziyarət günləri təşkil olunacaq.

