Avropa İttifaqı Azərbaycanda milli ticarət portalının yaradılmasını təklif edir

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda qanunvericilik tələblərini, ixracatçıların
üzləşdiyi problemlər barədə məlumatları, bazar araşdırmalarını və
süni intellekt əsaslı məsləhət xidmətlərini birləşdirən Milli
Ticarət Portalının yaradılması zəruridir.

Bu barədə Aİ-nin dəstəyi ilə hazırlanmış “Ticarət sektorunun
tədqiqi – Azərbaycanın ticarət sektorunun inkişafı: siyasət,
məhdudiyyətlər və imkanlar” adlı hesabatda qeyd olunub.

Hesabat müəlliflərinin bildirdiyinə görə, ixracatçılar ixrac
tələbləri barədə zəruri məlumatları dövlət qurumlarının internet
resursları, normativ hüquqi aktların məlumat bazaları və xarici
mənbələr də daxil olmaqla müxtəlif mənbələrdən əldə edirlər. Bu isə
əlavə vaxt və resurs sərfiyyatına səbəb olur.




“Həmin məlumatların müxtəlif mənbələrdə pərakəndə şəkildə təqdim
edilməsi, tələblərin dəyişməsi və məlumatların fərqli mənbələrdə
yerləşdirilməsi kiçik və orta müəssisələrin xarici bazarlara
çıxışını xüsusilə çətinləşdirir. Bu problemin həlli üçün
ixracatçılara dair qanunvericilik tələblərini, ticarət
prosedurlarını, sertifikatlaşdırma qaydalarını, xarici bazarlarda
idxal şərtlərini, bazar araşdırmalarını, ixracatçıların üzləşdiyi
problemləri, ixrac potensialının artırılmasına yönəlmiş analitik
modulları və süni intellekt əsaslı məsləhət xidmətlərini vahid
informasiya məkanında birləşdirəcək Milli Ticarət Portalının
yaradılması məqsədəuyğundur”, – deyə hesabatda bildirilib.

Bundan əlavə, sənəddə qeyd olunur ki, Azərbaycan İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Ticarət Prosedurlarının
Sadələşdirilməsi Göstəriciləri üzrə bir sıra istiqamətlərdə,
xüsusilə sərhəd qurumları arasında koordinasiya, prosedurların
sadələşdirilməsi və beynəlxalq əməkdaşlıq sahələrində daha da
təkmilləşmə potensialına malikdir.

“Ticarət prosedurlarının sadələşdirilməsinin səmərəliliyini
artırmaq üçün ayrıca fəaliyyət planı hazırlamaq və müəyyən edilmiş
çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görmək
mümkündür. Bununla əlaqədar dövlət qurumları üçün konkret əsas
fəaliyyət göstəriciləri müəyyən edilə, həmçinin Azərbaycanın
nəticələrini OECD ölkələrinin və regionun göstəriciləri ilə
müqayisə edən illik hesabatlar hazırlana bilər. Bu, mövcud
çatışmazlıqların müəyyənləşdirilməsinə və diqqətə çatdırılmasına
imkan verər”, – deyə hesabatda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir