
Bakı. Trend:
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı iki ölkə arasındakı
münasibətlərin təməlində dayanan siyasi iradəni və qardaşlıq
bağlarını bir daha nümayiş etdirdi. Liderlər arasında mövcud olan
qarşılıqlı etimad və səmimi münasibətlər Azərbaycan-Türkiyə
strateji müttəfiqliyinin əsas dayaqlarından biridir. Lakin bu
danışığın müsbət siyasi atmosferi Türkiyədə son həftələr ərzində
Azərbaycana qarşı aparılan kampaniyanın yaratdığı narahatlıqları və
açıq qalan sualları aradan qaldırmır.
Sentyabrın sonlarından etibarən Türkiyədə Azərbaycanın
dövlətinə, xalqına və ali rəhbərliyinə qarşı səsləndirilən
ittihamlar, təhqiramiz ifadələr və ölkəmizin diplomatik
nümayəndəlikləri qarşısında təşkil edilən aksiyalar iki qardaş ölkə
arasındakı münasibətlərə kölgə salmağa hesablanmış təhlükəli
tendensiyanın göstəricisidir. Bu prosesin ayrı-ayrı siyasi
çevrələrin və hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yaxın
qrupların iştirakı ilə genişlənməsi isə vəziyyəti daha da
narahatedici edib.
Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin hədəfə
alınması, ölkəmizə qarşı qarayaxma kampaniyasının aparılması,
Ankarada səfirliyimiz və İstanbulda konsulluğumuz qarşısında
aksiyaların keçirilməsi adi siyasi mübahisə çərçivəsinə sığmır.
Söhbət Türkiyə ilə ən yaxın müttəfiqlik münasibətlərində olan bir
dövlətin nüfuzuna qarşı yönəlmiş, ictimai rəyə təsir göstərməyə
hesablanmış fəaliyyətlərdən gedir.
Xüsusilə təəssüf doğuran məqam bu prosesdə AKP daxilindəki bəzi
şəxslərin və siyasi dairələrin də adlarının hallanmasıdır.
Xüsusilə, Oqtay Saral kimi kampaniyanın önündə görünən şəxslərin
mövqeyi və fəaliyyəti ictimai müzakirə predmetinə çevrilib. Bu
prosesin arxasında koordinasiyalı fəaliyyət, siyasi sifariş və ya
təşkilatlanmış şəbəkə dayandığı aşkar görünürdü. Kampaniyanın
təşkilatçıları, maliyyə və informasiya mənbələri, eləcə də mümkün
sifarişçiləri barədə suallar cavabsız qalmamalıdır.
Ən ciddi suallardan biri isə Türkiyənin müvafiq dövlət
qurumlarının baş verənlərə niyə daha erkən və təsirli müdaxilə
etməməsidir. Qardaş ölkənin diplomatik nümayəndəlikləri qarşısında
təkrar aksiyaların keçirilməsi, Azərbaycanın dövlət rəhbərliyinə
qarşı təhqirlərin davam etməsi vaxtında siyasi və hüquqi reaksiya
verilməsinin əhəmiyyətini bir daha göstərdi. Diplomatik
nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi və
dövlətlərarası münasibətlərə xələl gətirən qanunsuz hərəkətlərin
qarşısının alınması hər bir dövlətin məsuliyyətidir.
Azərbaycan ictimaiyyətini narahat edən məsələ Türkiyə ilə
münasibətlərin özünün deyil, bu münasibətlərə qarşı yönələn
kampaniyanın qarşısının vaxtında alınmamasıdır. Azərbaycan xalqı
Türkiyəni qardaş ölkə, türk xalqını isə ən yaxın dostlarından biri
hesab edir. Məhz buna görə də Türkiyə ərazisində Azərbaycanın
dövlətinə və Prezidentinə qarşı bu cür münasibətin sərgilənməsi
cəmiyyətdə xüsusi həssaslıq yaradıb. Qardaşlıq münasibətlərində
etimadın qorunması yalnız siyasi bəyanatlarla deyil, çətin
məqamlarda göstərilən konkret mövqe və davranışlarla da
ölçülür.
Belə bir şəraitdə Azərbaycanın haqlı narahatlığını anlayan və
qardaşlıq münasibətlərinə sadiqlik nümayiş etdirən Binəli Yıldırım
və Dövlət Baxçalı kimi siyasi xadimlərin mövqeyi xüsusi qeyd
olunmalıdır. Onların yanaşması göstərir ki, Türkiyə cəmiyyətində
Azərbaycanın dövlət maraqlarına və iki ölkənin strateji
müttəfiqliyinə hörmətlə yanaşan qüvvələr kifayət qədərdir. Bu mövqe
siyasi fərqlərdən asılı olmayaraq, Azərbaycan-Türkiyə
münasibətlərinin qorunmasının ortaq məsuliyyət olduğunu
təsdiqləyir.
Baş verənlər Türkiyə cəmiyyətinin özündə də birmənalı
qarşılanmayıb. Müxtəlif siyasi baxışlara malik sekulyar çevrələrin,
millətçilərin və Azərbaycanla dostluq münasibətlərinin
tərəfdarlarının kampaniyaya qarşı çıxması Türkiyədə Azərbaycana
münasibətin hansısa qrupların mövqeyi ilə məhdudlaşmadığını,
cəmiyyətin mütləq çoxluğunun ölkəmizə müsbət münasibətini bir daha
göstərdi. Eyni zamanda, bu proses müəyyən siyasi dairələrin ictimai
rəyi manipulyasiya etmək və iki ölkə arasındakı münasibətləri
daxili siyasi mübarizənin alətinə çevirmək cəhdlərinin nə qədər
təhlükəli ola biləcəyini üzə çıxardı.
Nəticə etibarilə, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və
strateji müttəfiqlik münasibətləri son hadisələrdən daha güclü
çıxdı. Prezidentlər arasında telefon danışığı da bu münasibətlərin
siyasi əsaslarının möhkəmliyini bir daha nümayiş etdirdi. Ancaq
münasibətlərin strateji xarakter daşıması yaranmış problemlərə göz
yummaq üçün əsas ola bilməz. Əksinə, məhz belə münasibətlər
qarşılıqlı hörmət, məsuliyyət və etimadın qorunmasını daha vacib
edir.
Türkiyə baş verənlərdən nəticə çıxarmalı, Azərbaycana qarşı
kampaniyanın necə təşkil olunduğunu və hansı qüvvələrin bu prosesdə
iştirak etdiyini aydınlaşdırmalıdır. Hüquq pozuntuları müəyyən
edilərsə, təşkilatçılar və icraçılar qanun çərçivəsində məsuliyyətə
cəlb olunmalıdırlar. Bu, yalnız Azərbaycanın haqlı narazılığının
aradan qaldırılması baxımından deyil, gələcəkdə oxşar halların
təkrarlanmaması və iki ölkənin münasibətlərinin siyasi
manipulyasiyalardan qorunması üçün də vacibdir.
Azərbaycan-Türkiyə qardaşlığı ayrı-ayrı siyasi qrupların
maraqlarından daha böyükdür. Lakin bu qardaşlığın gücü problemləri
görməzdən gəlməkdə deyil, onları vaxtında və ədalətli şəkildə həll
etməkdədir. Son hadisələr göstərdi ki, qardaşlıq qalib gəlsə də,
Azərbaycan dövlətinə və onun ali rəhbərliyinə qarşı aparılan
kampaniyanın yaratdığı izlər qalır. Bu izlərin aradan qaldırılması
üçün səmimi siyasi iradə, obyektiv araşdırma və konkret məsuliyyət
mexanizmləri zəruridir.

