
Bakı. Trend:
Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra ideoloji
məkanını da işğaldan təmizləyir.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu deputat Zahid
Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Qərb insan hüquqları və demokratiya, İran şiəlik
təbliğatı, Türkiyədə isə müəyyən qruplar etnik kimlik üzərindən öz
maraqlarını həyata keçirməyə çalışır, keçmiş imperiya mərkəzləri
kimi Azərbaycana göstərişlər verirlər.
“Lakin xalqımız bir paytaxtdan – Bakıdan idarə olunur”, – Zahid
Oruc vurğulayıb.
O bildirib ki, Azərbaycan xalqı çoxəsrlik mübarizə tarixində
fərqli siyasi quruluşlara malik onlarla dövlət yaradıb. İslam
dininin qəbulundan son min il ərzində müsəlman Şərqində
Səfəvilərdən xanlıqlara, quberniyalardan Azərbaycan Xalq
Cümhuriyyətinə qədər əsas milli ideya etnik kimliyi qorumaq və
müstəqil dövlət qurmaq iradəsi olub.
Deputatın sözlərinə görə, azərbaycanlıları Rusiya, Osmanlı və
Persiya imperiyaları arasında hüquqsuz, müstəmləkəçiliklə barışmış
toplum kimi təqdim etmək xalqı zəngin və qürurlu keçmişindən
ayırmaq deməkdir.
Z.Oruc qeyd edib ki, 1991-ci ildə müxtəlif ideologiyaları təmsil
edən, özünü Qızılbaşlar, islamçılar və türk millətçiləri adlandıran
qüvvələr Azərbaycanın siyasi quruluşunu qonşu ölkələrin davamı kimi
görürdülər. Lakin milli lider Heydər Əliyev yeni Konstitusiyanın
hazırlanmasına şəxsən rəhbərlik edib.
“Ulu öndər nə İranın dini dövlət modelini, nə də tez-tez siyasi
çevrilişlərə yol açan Türkiyənin konstitusion quruluşunu qəbul
etdi”, – deputat bildirib.
O xatırladıb ki, Heydər Əliyev 1994-cü ildə Türkiyə Böyük Millət
Məclisində çıxışı zamanı Atatürkün Türkiyədə demokratik və dünyəvi
dövlətin əsasını qoymasını Azərbaycanın da təcrübə məktəbi kimi
qiymətləndirib.
Z.Orucun sözlərinə görə, Heydər Əliyev Azərbaycan xalqını öz adı
ilə dünya siyasi xəritəsinə çıxarıb. Onun “Mən həmişə fəxr etmişəm,
bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri milli kimliyin
və millət adının heç kimə qurban verilməyəcəyini ifadə edir.
Deputat vurğulayıb ki, “mən türkəm”, “mən müsəlmanam”, “mən
şiəyəm”, “mən yəhudiyəm” və “mən azərbaycanlıyam” deyən insanların
vahid dövləti Azərbaycandır.
O bildirib ki, Vətən müharibəsində müxtəlif bölgələrdən olan,
fərqli etnik mənsubiyyətə və dini inanclara sahib milyonlarla insan
bir bayraq altında düşmənə qarşı birləşib. Şəhidlər xiyabanı xalqın
vahidliyini əks etdirən müqəddəs məkandır.
“44 günlük savaşda parlaq Qələbə xalqımıza qalib siyasi kimlik
qazandırdı”, – Z.Oruc deyib.
Onun sözlərinə görə, Qarabağ Zəfəri Azərbaycanın hərbi qüdrəti
ilə yanaşı, milli dövlət quruluşunun gücünü də dünyaya nümayiş
etdirib.
Deputat Qələbədən sonra suverenliyin qorunmasının vacibliyinə də
diqqət çəkib. O bildirib ki, Azərbaycanın dünyəvi dövlət quruluşunu
qorumaq hüququ heç bir xalqın, dinin və ya məzhəbin əleyhinə
yönəlməyib.
Z.Orucun sözlərinə görə, bağçada böyüyən uşaqların, məktəblərdə
təhsil alan şagirdlərin, universitetlərdə yetişən alimlərin,
məscidlərdə, kilsələrdə və sinaqoqlarda ibadət edən insanların
inancları fərqli ola bilər.
“Lakin hamımızın bir ortaq Vətəni və bir qalib dövləti var –
Azərbaycan!” – deputat bildirib.

