
Bakı. Trend:
Geosiyasi gərginlik və enerji resurslarının tədarükündə yaranan
pozuntular bütün dünyada öz təsirini göstərir. Bu təsirlər Avropa
ölkələrində etirazlarda və yanacağın qiymətlərinin artmasında da
özünü büruzə verir. Bu fikri İranın xarici işlər naziri Abbas
Əraqçi “Vedomosti” qəzetində dərc olunan köşə yazısında ifadə
edib.
“İstənilən pozuntu və qarşıdurma regionumuzun hüdudlarından
xeyli kənara çıxan nəticələrə səbəb olur, enerji təhlükəsizliyinə,
bazar sabitliyinə, eləcə də bütün dünyada istehsalçıların və
istehlakçıların iqtisadi maraqlarına təsir göstərir. Avropa
ölkələrindəki hazırkı etirazlara, Avropa və Amerikada inflyasiyanın
və yanacağın qiymətlərinin sürətlə artmasına nəzər salın”, — deyə o
qeyd edib.
İslam Respublikasının xarici işlər naziri əlavə edib ki, ABŞ və
İsrailin İrana qarşı hərbi əməliyyatları və davam edən hərbi
təhdidlər Hörmüz boğazının bağlanmasına və qlobal qaz tədarükünün,
xüsusilə də Asiyaya tədarükün pozulmasına səbəb olub. O, həmçinin
Avropada qaz qiymətlərinin kəskin artdığını və qış ərəfəsində qaz
ehtiyatlarının ötən ilin eyni dövrü ilə müqayisədə daha aşağı
səviyyədə olduğunu vurğulayıb.
Əraqçi yanacaq istehsalçılarını dialoqu gücləndirməyə, tədarük
marşrutlarını şaxələndirməyə, həyati əhəmiyyətli infrastrukturu
qorumağa və geosiyasi sarsıntıların dünya enerji bazarlarına
təsirini azaltmaq üçün praktik mexanizmlər yaratmağa çağırıb.

