BMT Qarabağ və Şərqi Zəngəzurda əməkdaşlığı genişləndirmək niyyətindədir

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə Azərbaycan arasında
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, “yaşıl
enerji” keçidi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi
məsələləri müzakirə olunur.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro
Şlapaçenko bu barədə çərşənbə günü Bakıda keçirilən “9-cu Dayanıqlı
İnkişaf Məqsədləri (DİM) Dialoqu” çərçivəsində jurnalistlərə
açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan hökuməti ilə BMT arasında 2026–2030-cu
illər üçün Əməkdaşlıq Çərçivəsi imzalanıb və sənəddə inklüziv
inkişaf, eləcə də iqlim dəyişikliyi əsas istiqamətlər sırasında yer
alır.

“BMT ilə Azərbaycan hökuməti arasında 2026–2030-cu illər üçün
çərçivə sazişi imzalanıb. Burada iki əsas istiqamət – inklüziv
inkişaf və iqlim dəyişikliyi xüsusi yer tutur”, – deyə Dmitro
Şlapaçenko qeyd edib.

BMT rəsmisinin sözlərinə görə, ötən həftə Xankəndidə BMT-nin
bütün agentliklərinin iştirakı ilə Azərbaycan hökuməti arasında
strateji dialoq keçirilib. Görüş zamanı Qarabağ və Şərqi Zəngəzurda
həyata keçirilən təşəbbüslərin dəstəklənməsi və bu istiqamətdə
əməkdaşlığın gücləndirilməsi barədə müzakirələr aparılıb.

“Ötən cümə günü Xankəndidə BMT-nin bütün agentlikləri ilə
hökumət arasında strateji dialoq keçirdik və bu iki regionda –
Qarabağ və Şərqi Zəngəzurda – hökumətin təşəbbüslərini yaxından
dəstəkləmək barədə razılığa gəldik”, – o deyib.




Dmitro Şlapaçenko vurğulayıb ki, əməkdaşlıq yalnız “yaşıl
enerji” ilə məhdudlaşmayacaq. Onun sözlərinə görə, BMT
urbanizasiya, kənd təsərrüfatı, səhiyyə və ev təsərrüfatları da
daxil olmaqla müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığı
genişləndirmək niyyətindədir.

“Bu əməkdaşlığa “yaşıl enerji” də daxildir, lakin biz bunu
yalnız bununla məhdudlaşdırmaq istəmirik. Əməkdaşlığı urbanizasiya,
kənd təsərrüfatı, səhiyyə və ev təsərrüfatları kimi digər sahələrə
də genişləndirmək istəyirik”, – BMT rəsmisi bildirib.

O, həmçinin gələn il Azərbaycanda keçirilməsi planlaşdırılan DİM
dialoqları barədə məlumat verib.

“Gələn il üçün iki DİM dialoqu planlaşdırırıq. Dəqiq tarixlər
hələ müəyyənləşməsə də, bunlardan birinin Şuşada, digərinin isə
Naxçıvanda keçirilməsi gözlənilir”, – Dmitro Şlapaçenko deyib.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi qeyd edib ki,
gələn il keçiriləcək dialoqlarda əsas diqqət Dayanıqlı İnkişaf
Məqsədlərinin lokallaşdırılmasına yönəldiləcək.

“Müzakirə olunacaq əsas mövzu DİM-lərin lokallaşdırılması
olacaq. Biz bu imkandan çox həyəcanlıyıq, çünki düşünürük ki, bu
dialoqlar düzgün siyasətçiləri bir araya gətirir, yeni kritik
yollar açır və daha dərindən düşünməyə kömək edir”, – o əlavə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir