“Adətən, diş məsələsində uşaqlarla bağlı iki tip hal yaşanır. Birincisi, erkən süd dişlərinin çıxmasında problem olur. İkincisi isə altı yaşdan aşağı uşaqların diş gigiyenasında problem baş verir”.
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, stomatoloq İlqar Qacarov stomatoloji xəstəliklər mövzusunda nazirliyin “Instagram” səhifəsində təşkil edilən canlı yayımda deyib.
“Erkən yaşda dişlərinin çürüməsi birbaşa ananın hamilə vaxtı qidalanması ilə əlaqəli deyil. Amma ana yenə də hamilə olarkən uşağın dişlərinin sağlam olması üçün vitamin D və kalsium preparatı qəbul etməlidir.
Gün ərzində uşaqların dişi iki dəfə – səhər və axşam fırçalanmalıdır. Belə ki, valideyn ilk olaraq uşağın dişini barmaqla, diş məcunu olmadan təmizləməlidir. Bir az böyüdükdən sonra isə fırça istifadə edə bilərlər”, – deyə həkim əlavə edib.
Sayad Həsənli
www.102info.az