
Bakı.Trend:
Amerikalı jurnalist Taker Karlson ABŞ Prezidenti Donald Tramp
administrasiyasının İsrailin Baş naziri Benyamin Netanyahunun
təzyiqi ilə yaxın günlərdə İrana nüvə zərbəsi endirə biləcəyini
bəyan edib.
TASS-ın məlumatına görə, bu barədə jurnalist öz “X” səhifəsində
yazıb.
Karlsonun iddiasına görə, potensial hədəf İranın mərkəzi
hissəsində yerləşən Koləng dağı ola bilər. İsrail kəşfiyyatının
iddiasına əsasən, Tehran həmin ərazidə uranın zənginləşdirilməsi
proqramını bərpa edib.
Jurnalistin sözlərinə görə, dağın altında uranın
zənginləşdirilməsi işlərinin aparıldığı ehtimal edilən yeraltı
tunellər yerləşir. Karlson iddia edir ki, ABŞ-nin adi silahları
təxminən 90 metr qalınlığında qranit süxur qatını deşmək
iqtidarında deyil. Buna görə də yeganə hərbi variant nüvə
silahından istifadə ola bilər.
O, həmçinin bildirib ki, Netanyahu Vaşinqtona təzyiq göstərir və
Tramp ilə belə bir zərbənin endirilməsi ehtimalını hər gün müzakirə
edir:
“Bibi bu məsələ ilə bağlı hər gün Trampa zəng edir”.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

