İnflyasiya artsa, Azərbaycanın büdcə balansı necə dəyişəcək? – proqnoz

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda inflyasiyanın proqnozlaşdırılan səviyyədən
fərqlənməsinin ortamüddətli dövrdə fiskal göstəricilərə təsirinin
məhdud olacağı gözlənilir. Bununla belə, inflyasiyanın yüksəlməsi
icmal büdcə balansının ÜDM-ə nisbətinin pisləşməsinə, qiymət
artımının proqnozdan aşağı olması isə həmin göstəricinin
yaxşılaşmasına səbəb ola bilər.

Bu barədə 2027-ci ilin dövlət və icmal büdcələrinin layihəsində
əksini tapan fiskal risklərin təhlilində bildirilib.

Sənəddə qeyd olunur ki, qlobal iqtisadi mühitdə yüksək
qeyri-müəyyənliyin davam etməsi, əsas ticarət tərəfdaşlarında
qiymət dinamikası və beynəlxalq əmtəə bazarlarındakı dəyişkənlik
inflyasiya üzrə əsas xarici risk amillərindəndir.

“Xüsusilə, Yaxın Şərqdə geosiyasi gərginliyin davam etməsi
enerji və digər əmtəələrin qiymətlərində əlavə dəyişkənlik yarada
bilər. Eyni zamanda, nominal effektiv məzənnənin zəifləməsi idxal
inflyasiyasının daxili qiymətlərə ötürülməsini sürətləndirə
bilər.

Daxili amillər baxımından isə mövcud fiskal və monetar siyasət
çərçivəsində məcmu tələbin inflyasiya təzyiqlərini əhəmiyyətli
dərəcədə artıracaq səviyyəyə yüksəlməsi ehtimalı aşağı
qiymətləndirilir”, – məlumatda qeyd edilib.

İnflyasiyanın fiskal göstəricilərə mümkün təsiri
qiymətləndirilərkən qiymət səviyyəsindəki dəyişikliklərin nominal
ÜDM-ə, dövlət büdcəsinin gəlirlərinə və fiskal göstəricilərin ÜDM-ə
nisbətinə təsiri nəzərə alınıb.

Bu məqsədlə 2027–2030-cu illər üzrə inflyasiyanın baza
proqnozundan 0,5, 1 və 1,5 faiz bəndi yuxarı və aşağı kənarlaşması
əsasında müxtəlif ssenarilər hazırlanıb.

Hesablamalara əsasən, inflyasiyanın dəyişməsi qeyri-neft baza
kəsirinin qeyri-neft ÜDM-ə nisbətinə mövcud ssenarilər çərçivəsində
məhdud təsir göstərəcək. Bununla belə, proqnozlara görə, 2026-cı
ildə təxminən 18 faiz səviyyəsində olan bu göstəricinin baza
ssenarisi üzrə 2030-cu ildə 12 faizə yaxınlaşacağı gözlənilir.




Sənəddə vurğulanır ki, 2030-cu ildə ən pessimist ssenari üzrə
qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti üçün müəyyən
edilmiş 12 faizlik aralıq hədəfin 0,5 faiz bəndi aşılması
mümkündür. Beləliklə, həmin ssenaridə göstəricinin 12,5 faizə
çatacağı proqnozlaşdırılır.

İcmal büdcə balansının ÜDM-ə nisbətinə gəldikdə isə məlumatlara
əsasən, 2022-ci ildə 6,6 faiz, 2023-cü ildə 8,7 faiz, 2024-cü ildə
4,7 faiz və 2025-ci ildə 3,4 faiz profisit qeydə alınıb. 2026-cı
ildə bu göstəricinin sıfıra yaxınlaşaraq təxminən 0,2 faiz təşkil
edəcəyi nəzərdə tutulur.

Proqnozlara görə, 2027-ci ildə icmal büdcə balansının ÜDM-ə
nisbətinin təxminən 2,2 faiz kəsirə keçəcəyi, sonrakı illərdə isə
tədricən yaxşılaşaraq 2030-cu ildə 1,1 faiz kəsir səviyyəsində
formalaşacağı gözlənilir.

İnflyasiyanın baza ssenaridən yüksək olması icmal büdcə
balansının ÜDM-ə nisbətini pisləşdirən, aşağı olması isə
yaxşılaşdıran amil kimi qiymətləndirilir. Ssenari diapazonları da
2030-cu ilədək bu göstəricinin inflyasiyanın dəyişməsindən asılı
olaraq fərqli səviyyələrdə formalaşa biləcəyini göstərir.

İnflyasiya risklərinin azaldılması
tədbirləri

Sənəddə inflyasiya şəraitində fiskal risklərin idarə olunması
üçün çevik büdcə siyasətinin tətbiqinin və sosial müdafiə
proqramlarının hədəfli şəkildə həyata keçirilməsinin vacibliyi qeyd
olunur.

Bildirilir ki, gözlənilməz qiymət artımlarının mənfi təsirlərini
minimuma endirmək üçün preventiv maliyyə mexanizmlərindən istifadə
olunması həm dövlət büdcəsinin gəlirlərinin qorunmasına, həm də
iqtisadi artımın davamlılığının təmin edilməsinə imkan verə
bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir