Avqustun 24-də baş prokuror Kamran Əliyev Baş Prokurorluğun rəhbər heyəti ilə birlikdə Şuşa, Xocavənd, Zəngilan və Qubadlı rayon prokurorluqlarının fəaliyyəti ilə yerində tanış olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat verib.
Rayon prokurorluqlarının işğaldan azad edilmiş ərazilərdə növbətçilik əsasında fəaliyyət göstərmələri üçün ayrılmış inzibati binalarda yaradılan xidməti şəraitlə tanış olan baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara xidməti ərazilərində hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə edərək aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə dəstək göstərməklə bağlı tapşırıq və tövsiyələrini verib.
Həmçinin Kamran Əliyev və baş prokurorun müavini, Respublikanın Hərbi Prokuroru Xanlar Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin 1 aprel 2021-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” Sərəncamı əsasında yaradılmış Qubadlı Hərbi Prokurorluğunda olmaqla əməkdaşlarla görüşüb, onların xidmət və məişət şəraiti ilə maraqlanıb.
“Prokurorluğun əməkdaşları xidmətlərinin daha səmərəli və peşəkar təşkil edilməsi üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər”, – məlumatda qeyd edilib.
www.102info.az