
Bakı. Trend:
Fələstin Dövləti Azərbaycana siyasi, humanitar, təhsil və
mədəniyyət sahələrində göstərdiyi dəstəyə görə təşəkkür edib.
Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin yaydığı
bəyanatda bildirilib ki, Azərbaycan beynəlxalq platformalarda
Fələstinin dövlətçilik hüququnu və paytaxtı Şərqi Qüds olan
müstəqil dövlət yaradılmasını dəstəkləyir.
Qeyd olunub ki, 2025-ci ilin sentyabrında Qəzza zolağından 14
fələstinli tələbənin təhsilini davam etdirmək üçün Azərbaycana
təxliyəsi təşkil edilib. Hazırda Azərbaycanda 37 fələstinli tələbə
təhsil alır, onlardan 23-ü Heydər Əliyev adına Beynəlxalq Təhsil
Qrantı proqramının iştirakçısıdır.
Bundan başqa, 2026-cı ilin iyulunda Fələstin Baş naziri Məhəmməd
Mustafanın Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev
paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasına
dəstəyi bir daha təsdiqləyib.
Səfirlik, həmçinin Azərbaycanın Fələstinin Azərbaycandakı
diplomatik nümayəndəliyinə maliyyə yardımı göstərməsini, Fələstin
nümayəndə heyətlərinin beynəlxalq tədbirlərdə iştirakına verdiyi
dəstəyi və təhsil, səhiyyə sahələrində əməkdaşlığı yüksək
qiymətləndirib.
Fələstin Dövlətinin Səfirliyi Prezident İlham Əliyevə,
Azərbaycan hökumətinə və xalqına göstərilən dəstəyə görə dərin
minnətdarlığını ifadə edib.

