Xalq artistinin vəziyyəti ağırdır, qızı kömək istəyir – FOTO

Mədəniyyət

Xalq artisti, sevilən kino aktyoru Ənvər Həsənovun səhhətinin ağırlaşması haqda Moderator.az- a məlumat daxil olub. Həqiqəti öyrənmək üçün aktyora zəng etsək də, telefonu qızı Aytən Həsənova götürüb, faktı təsdiqlədi.

“Bir neçə gündür ki, atam ölüm-dirim savaşındadır. Səhhəti ağırlaşıb, heç də ürəkaçan bir şey yoxdur. Bilirsiniz ki, ailədə 3 nəfərik-atam, mən və övladım. Mən indi ortalıqda tək qalmışam. Atam xəstəliyini heç kimə bildirmədi, dedi ki, “heç kimə deməyin ki, mən xəstəyəm”. Mən məcbur olub sizə danışıram. Çünki onu tanıyanlar necə qürurlu biri olduğunu bilirlər. Mən artıq tək bacarmıram, bilmirəm evə qaçım, ya xəstəxanaya. Atam ömrünü kino sahəsinə həsr edib, o kino fədaisidir, kinoda bütün vəzifələrdə çalışıb. 180 manat xalq artistinə görə, bir də cüzi pensiya alır. Nə təqaüd, nə də mükafat alır. Dərmanlarını, xəstəxana xərclərini çatdıra bilmirik. Heç kim köməyə gəlmir. Mən Mədəniyyət Nazirliyinə, cənab prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya müraciət edirəm ki, bizim ailəyə dəstək olsunlar. İstərdim ki, onlar atama diqqət, qayğı göstərsinlər. Atam hazırda Mərdəkanda, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında müalicə alır. Bir neçə xəstəliyi bir-birinə qarışıb. Çox xahiş edirəm aidiyyatı qurumlardan, atamın köməyinə çatsınlar” deyə sənətkarın qızı bildirib.

Qeyd edək ki, xalq artisti Ənvər Həsənovun 17 avqustda 72 yaşı tamam olub. Bir müddət əvvəl saytımıza açıqlama verən sənətkar maddi vəziyyətindən və səhhətindən gileylənmişdi: “Ayaqlarım tutulub, güc-bəla ilə gəzirəm. Yüksək təzyiqim, şəkərim var. Ad günümdə, kino günündə gözlədim ki, yəqin mənə də prezident təqaüdü verərlər. Onu da vermədilər. Bu pula həqiqətən də ehtiyacım var. Nə dərmanlarımı ala bilirəm, nə də kommunal borclarımı ödəyə bilirəm. Bu il təqaüd verilmədi, gələn ilə isə sağ qalmaram. Nazirlik heç quru təbrik də etmədi” deyə sənətkar bildirmişdi.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir