Azərbaycanın İtaliyadakı səfiri: “Paşinyan oyuncaq rejim üçün Ermənistanda ərazi ayırsın”

Siyasət

“Oyuncaq qanunsuz rejim olan “Dağlıq Qarabağ respublikası” və ya “Artsax respublikası”nın tanınması üçün dünyaya çarəsiz şəkildə yalvaran Paşinyan belə səxavətlidirsə, Ermənistanın öz daxilində oyuncaq rejim üçün ərazi ayırsın”.

Bununla bağlı Azərbaycanın İtaliyadakı səfiri Məhəmməd Əhmədzadə Ermənistanın Baş naziri Nikol Paşinyanın İtaliyanın “Corriere della Sera” və “La Repubblica” qəzetlərinə, erməni katolikosu II Qareginin isə “La Repubblica” qəzetinə müsahibələrindəki sayıqlamalarına cavab olaraq həmin qəzetlərin redaksiyalarına məktublar göndərib.

Azərbaycan səfiri məktubunda erməni Baş nazir Nikol Paşinyanın sözlərinə II Qareginin də qoşulmasını, dini liderin Azərbaycana qarşı dezinformasiya yayaraq münaqişəni qızışdırmasının təəssüf doğurduğunu bildirib:

 “Görəsən, o, doğrudan da özünü nə qədər gülünc vəziyyətə qoyduğunu anlamır? Anlamır ki, biz orta əsrlərdə yaşamırıq? Anlamır ki, Azərbaycan indi 90-cı illərdəki informasiya blokadasında olan və dünyaya həqiqəti söyləyə bilməyən ölkə deyil? Əsas sual isə ondan ibarətdir ki, görəsən erməni xalqı özünün absurd fikirləri və gülünc danışıq tərzi ilə öz xalqını bütün dünyaya biabır edən bir liderə görə xəcalət çəkmir? Yəni erməni xalqı hələ də anlaya bilməyib ki, Paşinyan dünya ilə danışmaq və dünyanı erməni yalanlarına inandırmaq bacarığına malik şəxs deyil?”.

“BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də daxil olmaqla beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər və 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın reallığı qəbul etməsinə və Azərbaycana qarşı terrorçu siyasətindən əl çəkməsinə təsir edə bilmədi”.

Diplomat qeyd edir ki, illərdir Ermənistanın davam edən bu səhvlər zəncirinin sonuncu həlqəsi isə dövlət idarəetmə sahəsində heç bir təcrübəsi olmayan Nikol Paşinyan kimi bir siyasətçi hakimiyyətə gətirmək oldu:

“Hakimiyyətə gəlmək və hakimiyyəti qoruyub saxlamaq üçün öz xalqına yalan danışan Paşinyan indi də beynəlxalq səviyyədə yalan danışır. Biz bu gün də ermənilərin Azərbaycan tərəfində guya sirli türk əsgərlərinin, xəyali islamçı cihadçı muzdluların olması, islam terrorizminin Ermənistanı məhv etmək və onu soyqırıma məruz qoymaq niyyətlərinin olması, bu səbəbdən də Qərb ölkələrinin özünü “xristianlığı ilk qəbul etmiş dövlət” elan edən Ermənistanı müdafiə etməli olduqları kimi şizofrenik iddialarını eşidirik. Ermənilərin yalanlarla dolu fantaziya qabiliyyətinə həsəd aparmaq olar! Ermənilər onları tutub Marsa aparmaq üçün döyüş meydanında marslıların da olması kimi növbəti iddialar irəli sürsələr heç təəccüblənmərəm”.

M.Əhmədzadə 27 sentyabrdan bir neçə gün sonra üçüncü bir ölkənin dövlət başçısı erməni tərəfinin bu yalan iddialarını bəyan etdiyini, lakin bu iddiaların saxta olduğunu anladıqdan sonra həmin şəxsin artıq bu mövzuya qayıtmamasına da diqqət çəkib:

“Lakin ermənilər hələ də həmin şəxsə istinad etməkdə davam etməklə, əslində özlərini biabır edirlər. Ermənistan rəhbərliyi münaqişə zonasından uzaqda yerləşən yaşayış məntəqələrində yaşayan azərbaycanlı mülki əhalini hədəf alaraq müharibə cinayətləri törədir. Bu o deməkdir ki, Ermənistan sülh istəmir və nəyin bahasına olsa da Azərbaycan ərazilərinin işğalını davam etdirmək istəyir. Ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan öz suveren ərazisində vuruşan və torpaqlarımızı 30 ildir davam edən hərbi işğaldan azad etmək iqtidarında olan güclü orduya malikdir”.

“Bölgədə sülh yalnız Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxması və azərbaycanlıların öz torpaqlarına qayıtması halında təmin oluna bilər. Dağlıq Qarabağda yaşamaq nəinki ermənilərin, eləcə də oradan qovulmuş və 30 ildir ki oraya qayıda bilməyən azərbaycanlıların da haqqıdır. Əgər Paşinyan razı deyilsə və belə səxavətlidirsə ağır iqtisadi və sosial vəziyyətə görə əhalisinin yarısı ölkəni tərk etmiş və boş qalmış Ermənistanın öz daxilində oyuncaq rejim üçün ərazi ayıra bilər. Paşinyan əgər bu utancverici məğlubiyyətdən sonra hakimiyyətdə qala biləcəksə Ermənistanın daxilində ikinci erməni dövlətini yaratmaq üçün kifayət qədər ərazi tapa biləcək”, – deyə M.Əhmədzadə bildirib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir