Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqı öz müzəffər ordusu ilə birlikdə tarixinin yeni səhifələrini işğalçı düşmən üzərində qələbənin tarixini yazır.
“TRİBUNA” xəbər verir ki, bu sözləri Azərbaycanın Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsü Osmanov “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Bildirilib ki, əsgərlərimiz öz torpaqlarını addımbaaddım işğaldan azad edirlər. Bu torpaqların əsl sahibləri – təqribən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün çox keçmədən öz yurd-yuvalarına qayıdacaqlar. Az qala 30 il torpaqlarımızı işğal altında saxlayan düşmən Azərbaycan ordusunun qüdrətini döyüş meydanında görür və məğlubiyyətə uğrayır. Biz öz torpaqlarımızda vuruşuruq, öz torpaqlarımızı müdafiə edirik və bunu bütün dünya ictimaiyyəti etiraf edib.
Qeyd olunub ki, hər bir kəndin, hər bir şəhərin, strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, hünər, igidlik və qəhrəmanlıq tələb edir:
“Bizim hərbçilərimiz məhz bu keyfiyyətləri nümayiş etdirirlər. Onlar doğma torpaqların müdafiəsi naminə canlarından keçirlər. Məkrli düşmən yaşayış məntəqələrimizi müntəzəm atəşə tutur, cəbhəyanı şəhərlərimiz, kəndlərimiz hər gün atəşə məruz qalır. Belə alçaqcasına edilən hücumlardan ən çox Tərtər rayonu, Ağdam, Goranboy, Ağcabədi, Bərdə əziyyət çəkir. Lakin qaniçən işğalçılar bununla da kifayətlənmirlər.
Əhalinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri, döyüş meydanından uzaqda yerləşən Gəncənin amansızcasına raket atəşinə tutulması nəticəsində dinc sakinlər – uşaqlar, qadınlar, qocalar həlak olublar. Düşmən hərbi obyektləri deyil, yaşayış massivlərini hədəfə alır və bununla öz faşist mahiyyətini nümayiş etdirir. Onlar Cenevrə Konvensiyasını pozaraq, bütün dünyanın gözü qabağında mülki əhaliyə qarşı cinayət törədirlər. Azərbaycanın dinc şəhərləri istiqamətində ballistik raketlər buraxılır – bu gün Qəbələ, Siyəzən və Kürdəmir ballistik raket hücumuna məruz qalıb”.
Vurğulanıb ki, Azərbaycanın öz doğma torpaqlarını necə bir məkrli və quduz düşməndən xilas etdiyini bütün dünya görür:
“Onlar düşünürdülər ki, biz qisas alacağıq və eynən bu şəkildə onlara cavab verəcəyik. Lakin Azərbaycan Ermənistanın dinc əhalisinə toxunmayacaq, onların səviyyəsinə enməyəcək və üçüncü tərəflərin münaqişəyə cəlb olunması ilə bağlı məkrli planlarının həyata keçməsinə yol verməyəcək. Biz onlara döyüş meydanında cavab verdik və bunu etməkdə davam edəcəyik. Tam bir sıra şəhər və kəndlər artıq düşmən tapdağından azad edilib. Hər gün şad xəbərlər gəlir. Hər gün bayrağımız işğaldan azad edilmiş növbəti yaşayış məntəqəsi üzərində dalğalandırılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının qüdrəti. Bu torpaqlar xalqımıza məxsusdur, bu torpaqlar Azərbaycandır! Qarabağ Azərbaycandır!”