Qan Turalı yazır…
Dünyanın ən tənha adamı, adını belə heç kimin bilmədiyi, haqqında kitab yazılan “Çala adam” öldü. Ona sadəcə “Çala adam” deyirdilər. Dünyanın ən tənha adamı idi və bunu çox adam bilirdi.
26 ildir “Çala adam” Braziliyanın Amazon meşələrində tək-tənha yaşayırdı. Heyvanlardan qorunmaq və ov etmək üçün çalalar qazırdı. Ona görə də adını “Çala adam” qoymuşdular. Onunla söhbət eləmək mümkün deyildi. “Çala adam” çox ayıq idi, ona yaxınlaşmaq istəyənləri oxa tuturdu, qaçıb gözdən qeyb olurdu, onu tapmaq mümkünsüz idi. Nə ekoloqlar, nə jurnalistlər, nə dövlət rəsmiləri ona yaxın düşə bilmirdilər. Ta ki, bir həftə əvvələ qədər…
Cansız bədəni samandan tikdiyi evinin yanında tapıldı. Meyiti tüklərlə örtülmüşdü. “Çala adam” öləcəyini bilirdi. Özü-öz bədənini tüklərlə örtmüşdü, adət belə idi. Sonra da oturub ölümünü gözləmişdi. “Çala adam” özü üçün çala qazmamışdı, torpağın üstündə səmaya baxaraq ölmüşdü.
Tək doğulmuşdu, tək də öldü. Öləndə yanında heç kim yox idi. Yaşı 50-ni haqlamışdı. Xarici aləmlə heç bir əlaqəsi yox idi. Heç kimlə kəlmə kəsməmişdi. Yaxınları isə… Onları xarici aləm öldürmüşdü, yadlar, yağılar, özgələr…
1995-ci ildə yaşadığı meşəlikləri əkin sahəsinə çevirmək istəyən əkinçilər qəbilənin 6 üzvünü öldürmüşdü. “Çala adam” sağ qalmışdı. O, buna görə xarici aləmə nifrət edirdi. Alimlər, təbii həyatı qorumaq yolunda çalışan QHT-lər onu lap uzaqdan izləyirdi. 4000 hektarlıq meşənin içində “Çala adam” tək yaşayırdı. Başqa bir bəni-adəm yox idi ətrafında.
Cəmi bir fotoşəkili var. Onu da yerliləri mühafizə etməyə çalışan bir fondun üzvləri burada insan yaşadığını sübut etmək üçün lap uzaqdan çəkmişdilər. Bu foto sayəsində onun meşəsi əkinçilərə verilməyəcəkdi. “Çala adam”ın bundan xəbəri yox idi. O üzünü göyə tutub Allaha dua edir, ondan imdad diləyirdi. Onun Allahdan başqa kimsəsi yox idi.
Heç nə məlum deyildi. Qəbiləsinin adı, özünün adı, danışdığı dilin hansı dil olması… Bircə qazdığı çalalar məlum idi. İndi isə meyiti ekspertizadadır. Ekspertiza ölümün təbii ölüm, yoxsa qətl olduğunu araşdıracaq.
Onun izlərini araşdıranlar qatrandan düzəltdiyi fənəri tapmışdılar. Oxlarını da, qamışdan olan evini də qoyub getmişdi. Bircə özünü tapmaq mümkün deyildi. “Çala adam” ya çalalarda gizlənirdi, ya da meşənin dərinliklərində… Qarğıdalı əkirdi, qovunağacı da yetişdirirdi. Heç kimlə işi yox idi, özü öz güzəranını təmin edirdi.
Dediyim kimi, haqqında çox az şey bilirdik. Ancaq onun ölümünün bizə dedikləri onun haqqında bildiklərimizdən dəfələrlə çoxdur. “Çala adam” əsl insanın özü idi, ov edən, çalalar qazan, qamışdan evlər tikib, qarğıdalı əkən, heyvanlardan qorunub, balta ilə gəzən adam…
Onun faciəsi isə bəşəriyyətin vəhşiliyinin qısa bir məzmunu kimi idi. Bütün qəbiləsi məhv edilmişdi və o əlbəttə ki, bəşəriyyətdən qorxmalı idi. Bu bizim, sivil bəşəriyyətin tarixi keçmişinin ən sadə konspektidir. “Çala adam”ın həyatı və ölümü insan qəddarlığının, amansızlığının, tamahkarlığının və vəhşiliyinin təsdiqi idi.
Salamat qal, Çala adam!
Yer üzünün son adamı!
Bəlkə də sənin qazdığın o çalalar ölmüş mərhəmətin, şəfqətin və sevginin məzar yeri olacaqdır…
www.RIA24.az