Həkim: “İnfarkt riski yüksək olan xəstələr hər üç aydan bir müntəzəm tibbi müayinədən keçməlidirlər”

Cəmiyyət

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Yusif Nağıyev qurumun saytına müsahibə verib.

Oxu.Az həmin müsahibəni təqdim edir:

– Yusif müəllim, ürək-damar xəstəliyindən əziyyət çəkənlər üçün koronavirusa yoluxma riskinin daha yüksək olduğu doğrudurmu?

– Əlbəttə ki, belə bir risk var və COVİD-19-a yoluxanlar arasında ilk növbədə ürəyin işemik xəstəliyi, arterial hipertenziya, şəkərli diabet, xroniki ürək çatışmazlığı olanlarda fəsadların ehtimalı yüksəkdir.

Bununla yanaşı, bəzi tədqiqatlar göstərir ki, infarkt və ya insult kimi ürək-damar xəstəliklərinin riski koronavirusa yoluxub sonra sağalanlar üçün bir müddət aktuallığını itirmir.

– COVID-19-da ürək-damar sisteminin zədələnmə mexanizmi necədir?

– Xarici müəlliflərin fikrincə, ürək-damar sisteminin zədələnməsi COVID-19-un şiddətindən və ya sağalma müddətindən asılı deyil. Rusiyalı kardioloqların məlumatına görə, kardiologiya şöbəsinə yerləşdirilən hər üç nəfərdə koronavirusdan sonra ürək problemi aşkarlanıb. Bu vəziyyətdə simptomlar sağaldıqdan bir neçə ay sonra görünür.

COVİD-19 həm qanyaradıcı, həm də ürək-damar sisteminə təsir göstərir. Nəticədə ürək çatışmazlığı inkişaf edir. Miokardit tez-tez ritm pozğunluqları, xüsusən də atrial fibrilasiya ilə müşayiət olunur. Nadir hallarda xəstənin ölümünə səbəb ola biləcək həyati təhlükəsi olan mədəcik taxikardiyasının inkişafına zəmin yarada bilər.

– Koronavirus infeksiyası laxtalanmaya səbəb olmaqla infarkt riskini artıra bilərmi?

– Məlumdur ki, kəskin miokard infarktı aterotromboz nəticəsində baş verir. Bu, aterosklerotik piləyin yırtılması ilə əlaqədardır. Trombogen xəstəliyi kimi, COVİD-19 trombozların riskini artırır və məlumdur ki, bu xəstəliyin letallığı məhz onunla bağlıdır.

Amma tədqiqatlar göstərib ki, yaşdan asılı olmayaraq inkişaf edən başqa bir mümkün fəsad meydana gələ bilər, yəni damarların daxili səthində aterosklerotik piləyin qeyri stabilləşməsi və yırtılması. Bu, miokard və ya beyin infarktının inkişafına səbəb ola bilər.

Digər ağır fəsad – ağciyər emboliyasıdır. Onun mənbəyi aşağı ətrafların damarlarında köhnə tromblardan qopmuş bir hissə və ya birbaşa ağciyər arteriyasında yeni yaranan tromb ola bilər.

– Post-COVID sindromu nədir? Onun əlamətləri, yayılması və müddəti barədə məlumat verərdiniz…

– Klinik təzahürlərdən asılı olmayaraq, xəstəliyin kəskin mərhələsində bir çox insanlar SARS-Cov-2 infeksiyasının ən azı iki ay davam edən və başqa diaqnozla izah olunmayan ilk simptomlarının başlanmasından təxminən 3 ay sonra patoloji simptomlar yaşayırlar.

Post-COVID zamanı ən çox görülən simptomlar yorğunluq, halsızlıq və öskürəkdir. Çox vaxt fiziki aktivlik zamanı gücün tükənməsi, yorğunluq müşahidə olunur. Post-COVID sindromunun epidemiologiyası kifayət qədər öyrənilməyib, hazırda bu istiqamətdə araşdırmalar davam edir. Məlumdur ki, sindromun təzahürləri geniş yayılıb.

Araşdırmaların nəticəsinə görə, koronavirus infeksiyasından sağalmış insanların 20-65 faizi 3-4 ay və ya daha çox müddətdə post-COVID sindromundan şikayətlənirlər. Simptomların müddəti 1-2 aydan bir ilə qədərdir.

– Ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər özlərini koronavirusdan necə qorumalıdılar?

– Koronavirusun yayılmasının qarşısını almaq üçün tam peyvənd sxemindən istifadə etmək zəruridir. Bundan əlavə, insanların sıx olduğu yerlərdə tibbi maskadan istifadə etmək, otaqları tez-tez havalandırmaq və sosial məsafəni saxlamaqla hava-damcı infeksiyanın yayılmasının qarşısı alınır.

İnfarkt riski yüksək olan xəstələr (şəkərli diabet, piylənmə və hipertoniyadan əziyyət çəkənlər) hər üç aydan bir müntəzəm tibbi müayinədən keçməlidirlər. Həmçinin, heç bir halda bu komorbid vəziyyətləri idarə etmək üçün təyin edilmiş dərmanların qəbuluna fasilə verməməlidirlər.

Sağaldıqdan sonra stres vəziyyətindən mümkün qədər uzaq olmalı, 6 ay ərzində kofein, tütün, alkoqol, reseptsiz satılan bəzi öskürək və soyuqdəymə dərmanlarını qəbul etmək məsləhət görülmür.

Profilaktikaya gəldikdə isə sağlam həyat tərzi çox vacibdir. Bura müntəzəm fiziki fəaliyyət, bədən çəkisinin korreksiyası və tərkibində duz, şəkər, nişasta (çips, şirin qazlı içkilər, qənnadı və kolbasa məmulatları) olan qidaların məhdudlaşdırılması daxildir.

Həmçinin psixoloji vəziyyəti bərpa etmək üçün istirahət önəmlidir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir