Azərbaycanda bu dövlət rüsumu 75% ucuzlaşır

Baş səhifə

Bakı. Trend:

Məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun
100 manatdan 25 manata endirilməsi, eləcə də qiymətləndirilən
iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya
şikayətlərinin verilməsinə görə dövlət rüsumunun yalnız
mübahisələndirilən hissə əsasında hesablanması təklif olunur.

Bu məsələ Milli Məclisin müzakirəsinə təqdim edilən “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, məhkəmə əmri haqqında ərizənin verilməsinə görə
dövlət rüsumunun məbləği hazırkı 100 manatdan 25 manata
endiriləcək.

Qeyd edək ki, Mülki Prosessual Məcəlləyə əsasən, əmr icraatı
müəyyən pul məbləğinin ödənilməsi və ya əmlakın tələb edilməsi ilə
bağlı aşkar, yaxud borclunun mübahisə edilməyən vəzifəsinə
əsaslanan tələblərə tətbiq olunur. Bu zaman məhkəmə əmri verilə
bilər. Məhkəmə əmri tələb daxil olduğu gündən 3
gün
ərzində məhkəmə baxışı keçirilmədən və tərəflər
çağırılmadan çıxarılır və özü icra sənədi hesab edilir.

Hazırda məhkəmə əmri haqqında ərizənin verilməsinə görə
100 manat dövlət rüsumu tutulur. Müqayisə üçün,
qiyməti 1 000 manatadək olan iddia ərizəsinə görə
30 manat, 10 000 manatadək olan
iddialara görə isə əlavə olaraq iddia məbləğinin 1
faizi
həcmində dövlət rüsumu müəyyən edilib. Məsələn,
iddia tələbi 2 000 manat olduqda dövlət rüsumu
40 manat təşkil edir.

Qanunvericilik ərizəçilərə əmr icraatı çərçivəsində baxıla bilən
tələblərlə ümumi əsaslarla iddia icraatı qaydasında da məhkəməyə
müraciət etmək hüququ verir. Lakin hazırkı dövlət rüsumlarının
məbləği aşkar və mübahisəsiz, kiçik tələblərin əmr icraatı əvəzinə
iddia icraatı qaydasında məhkəməyə çıxarılmasına şərait
yaradır.

Bu isə həmin işlərə baxılması ilə bağlı məhkəmə xərclərinin
artmasına, eləcə də prosessual prosedurlar səbəbindən məhkəmələrin
daha çox vaxt və digər resurslar sərf etməsinə gətirib çıxarır.




Layihədə məhkəmə əmrlərinin verilməsinə görə dövlət rüsumunun
azaldılmasının ərizəçiləri aşkar və mübahisəsiz tələblər üzrə əmr
icraatını seçməyə təşviq edəcəyi bildirilir. Bununla da
mübahisələrin daha operativ qaydada həllinə imkan yaranacaq.

Qanun layihəsində digər dəyişiklik qiymətləndirilən iddialar
üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin
verilməsinə görə dövlət rüsumunun hesablanması qaydasına
aiddir.

Hazırda qiymətləndirilən və qiymətləndirilməyən iddialar üzrə
həmin şikayətlərin verilməsinə görə dövlət rüsumu müvafiq iddialar
üçün müəyyən edilmiş rüsumun 50 faizi həcmində
tutulur.

Təklif olunan dəyişikliyə əsasən, qiymətləndirilən iddialar üzrə
şikayət verildikdə dövlət rüsumunun hesablanmasında ilkin iddianın
ümumi məbləği deyil, yalnız mübahisələndirilən hissəsi nəzərə
alınacaq.

Beləliklə, şikayət verən şəxsin dövlət rüsumu üzrə maliyyə yükü
mübahisələndirdiyi hissə ilə məhdudlaşacaq və onun xərcləri
azalacaq.

Qanun layihəsinin əsas məqsədi aşkar və mübahisəsiz tələblər
üzrə hüquqi müdafiə vasitəsi olan əmr icraatının daha geniş
tətbiqini təmin etmək, məhkəmə resurslarından səmərəli istifadəni
təşviq etmək və məhkəməyə müraciət edən şəxslərin, o cümlədən
yuxarı instansiya məhkəmələrinə şikayət verənlərin maliyyə
xərclərini azaltmaqdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir