SOCAR Ukraynada məktəblilər üçün növbəti xeyriyyə aksiyasına başlayıb

Cəmiyyət

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə müəssisəsi olan “SOCAR Energy Ukraine” şirkəti növbəti xeyriyyə aksiyasına – məktəblilərin tibbi yardım dəstləri ilə təmin edilməsi üçün vəsaitin toplanmasına başlayıb.

Bu barədə “Report”a “SOCAR Energy Ukraine” şirkətindən məlumat verilib.

Bildirilir ki, artıq hər arzulayan şəxs “Məktəblilər üçün ilk yardım dəsti” təşəbbüsünə qoşula bilər.

SOCAR-ın yanacaqdoldurma məntəqələrindən alınan hər bir xüsusi xoruz naxışlı içki stəkanından əldə olunan vəsaitin bir hissəsi məktəblilərin təhlükə anlarında həyatını xilas edəcək tibbi ləvazimatlarla təmin olunmasına yönəldiləcək. İlk tibbi yardım dəstlərində şagirdlərə və məktəb işçilərinə psixoloji yardım göstərilməsinə dair təlimatlar da var.

Bu təlimatlar Ukraynanın birinci xanımı Yelena Zelenskayanın Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Səhiyyə Nazirliyinin koordinasiya etdiyi Milli Psixi Sağlamlıq və Psixososial Dəstək Proqramının yaradılması təşəbbüsünün bir hissəsi kimi hazırlanıb.

“SOCAR Energy Ukraine” şəbəkəsinin direktoru İqor Orlov bildirib ki, SOCAR komandası üçün ukraynalıları, böyükləri və uşaqları dəstəkləmək hər zaman prioritetdir:

“Biz tərəfdaşlarımıza birliklərinə görə, belə mühüm layihədə iştiraka razılıq verdikləri üçün minnətdarıq. Bir tərəfdən, çox istərdik ki, bu dəstlər heç kimə lazım olmasın. Amma digər tərəfdən, çox vacibdir ki, bu ilkin tibbi yardım dəstləri sayəsində məktəblilər təhlükə yarandıqda özlərinin və ya ətrafdakıların həyatını xilas edə bilsinlər”.

Yelena Zelenskaya bildirib ki, Ukraynada adi insanlardan tutmuş böyük biznesə qədər hər kəsin maksimum dərəcədə bacardığını etməsini görmək inanılmazdır:

“Çünki yalnız bu yolla biz birlikdə qalib gələ biləcəyik”.

“SOCAR Energy Ukraine”nin xeyriyyə layihəsinin tərəfdaşı dobro.ua xeyriyyə platforması, icraçısı isə Ukrayna Təhsil və Elm Nazirliyinin ekspert dəstəyidir.

Ukraynanın təhsil və elm naziri Sergey Şkarlet bildirib ki, təhsil prosesinin bütün iştirakçılarının təhlükəsizliyi hərbi vəziyyət zamanı tam ştatlı təhsilin yeganə şərtidir:

“Dövlət orqanlarının, ərazi icmalarının və Təhsil və Elm Nazirliyinin tərəfdaşlarının birgə səyləri nəticəsində məktəblərin 64%-də ənənəvi təhsil imkanını yaratmaq mümkün olub. Bununla belə, bu istiqamətdə işlər davam edir. Çünki bizim üçün maksimum sayda şagirdin keyfiyyətli təhsil ala bilməsi, eləcə də həmyaşıdları və müəllimləri ilə üzbəüz ünsiyyət qurması vacibdir. SOCAR-ın ukraynalı tələbələri xüsusi tibbi dəstlərlə təmin etmək təşəbbüsü bu gün hər bir uşağın və müəllimin təhlükəsizliyi, həyat və sağlamlığının qorunması, təhsil zamanı psixoloji sabitlik üçün arzularımızın mühüm tərkib hissəsidir. Yaxşı işlərə görə məsuliyyətli biznesə təşəkkür edirəm”.

Dobro.ua xeyriyyə platformasının direktoru İrina Qutsal isə bildirib ki, hazırda ukraynalı uşaqların qayğıya və diqqətə çox ehtiyacı var:

“Bunun üçün də şadıq ki, dobro.ua və SOCAR arasında əməkdaşlıq onlara həsr olunub. Uşaqlar bizim gələcəyimizdir. Onlar təkcə biliyə deyil, həm də təhlükə anlarında keyfiyyətli tibbi xidmətə fasiləsiz çıxış əldə etməlidirlər. SOCAR-da xeyriyyə stəkanında qəhvə içmək təkcə köməyə qoşularaq kömək etməkdən ibarət deyil. Bu, həm də Ukraynanın gələcək həyatına və rifahına töhfədir!”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir