Qarabağda gərginləşən münaqişə fonunda Rusiya Ermənistana dəstək vermək istəmədiyini nümayiş etdirdi ki, bu da erməni ekspert cəmiyyətində qəzəb doğurdu. Bəs həm Azərbaycan, həm də Ermənistanı tərəfdaş hesab edən Rusiyadan fərqli bir reaksiya gözləmək olarmı?
Rusiya Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov bununla bağlı Media.Az-a şərh verib.
Onun sözlərinə görə, Moskva Azərbaycan və Ermənistanla münasibətlərdə tarazlığın qorunmasının Cənubi Qafqazdakı uzunmüddətli strategiyasının bir hissəsi olduğunu əvvəllər də açıq şəkildə bəyan edib.
“Bu, Qarabağ ətrafında silahlı qarşıdurmanın indiki eskalasiyası zamanı Moskvanın bir sıra ümumi addımları ilə dolayı yolla da olsa sübut olunur. Məsələn, Azərbaycanın Baş naziri Əli Əsədovla rusiyalı həmkarı Mixail Mişustin arasındakı telefon danışıqlarının İrəvanda Avrasiya Hökumətlərarası Şurasının iclasından az əvvəl baş tutması şübhəsiz ki, təsadüfi deyildi. Bundan əlavə, Vladimir Putin açıq şəkildə Rusiyanın “vasitəçi kimi vacib rol oynamağa” davam etmək niyyətində olduğunu vurğulayıb. Əlbətdə ki, vasitəçilik missiyasının effektivliyi, ilk növbədə, münaqişə tərəflərinə təsirdən asılıdır, lakin Rusiya rəhbərliyi bu vəziyyətdə məsələ ilə bağlı açıq bəyanat tonunun da vacib olmasını əsas götürür”, – deyə Mixail Neyjmakov əlavə edib.
Müsahibin sözlərinə görə, Qarabağ ətrafında vəziyyətin yeni gərginləşməsindən bir müddət sonra Moskvanın Ankara ilə fəal diplomatik məsləhətləşmələr aparmağa başlaması da (daha sonra Rusiya Prezidentinin Mətbuat Xidmətinin rəhbəri Dmitri Peskov bu istiqamətdə Türkiyə ilə “tam təmasda” işini xüsusi qeyd etdi), Rusiyanın Bakının mövqeyini görməzdən gəlməyəcəyini bir daha göstərdi.