“Liv Bona Dea Hospital” “Türkiyə-Azərbaycan qardaşlığının 360 dərəcə dəyərləndirilməsi” adlı tədbir təşkil edir.
Oxu.Az xəbər verir ki, tədbirlə bağlı görüşdə Türkiyə və Azərbaycandan iş adamları, eyni zamanda türk könüllülər, Milli Məclisin deputatları Könül Nurullayeva, Nigar Arpadarai, Ailə, qadın və uşaq problemləri komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd iki ölkə arasında tarixi köklərə dayanan qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə, digər sahələrdə olduğu kimi, səhiyyə sistemində də iki ölkə arasında əməkdaşlığın artırılmasına nail olmaqdır.
Belə ki, bu tədbirdən sonra ilin sonuna qədər aztəminatlı 300 qadına mammoqrafiya və süd vəzi müayinəsi hədiyyə ediləcək.
Açılış nitqi ilə tədbiri açıq elan edən Monik İpekel bildirib ki, bu kimi konfranslar Azərbaycan-Türkiyə arasında dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir:
“Mən bir-birini bu qədər sevən iki ölkə görməmişəm. 73 yaşım var və 44 xeyriyyə təşkilatının təsisçisiyəm. Lakin Azərbaycan xalqı kimi türkləri sevən, Türkiyəyə qəlbən bağlı olan başqa ölkə görməmişəm. Bu gün Azərbaycan və türk qadınlarının gücü birləşir”.
Ailə, qadın və uşaq problemləri komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə çıxış edərək bildirib ki, iki ölkənin qardaşlıq münasibətləri 44 günlük Vətən müharibəsi ərəfəsində də özünü göstərdi:
“Türkiyə-Azərbaycan qardaşlığı bir çox sahələrdə özünü göstərir. Biz bu gün “Liv Bona Dea Hospital”ında qardaş ölkə ilə birlikdə çalışırıq. Bu gün məqsədimiz qadınların sağlamlığının müdafiəsinə köklənib. Qadın cəmiyyətə övlad yetişdirir. Onun sağlamlığını müdafiə etmək lazımdır. Həkimə müraciət etmək üçün son mərhələni gözləmək lazım deyil. İldə bir dəfə mütləq “check-up” müayinələrdən keçmək lazımdır”.
Millət vəkili Nigar Arpadarai qadınlar üçün bu kimi aksiyaların keçirilməsini dəstəklədiyini bildirib:
“Milli Məclisdə daim müzakirələr zamanı qadın sağlamlığı ilə bağlı məsələlər gündəliyə çıxarılır. Biz çox sevinirik ki, bu kimi aksiyalar keçirilir. Azərbaycan qadını çox zəhmətkeşdir. Bəlkə də, ona görədir ki, qadınlar öz sağlamlıqlarını ən sonda düşünürlər. Bütün qadınlara cansağlığı arzu edirəm. Çünki cəmiyyət böyük bir ailədir, bu ailəni isə qadınlarımızın qoruduğu, yaratdığı kiçik ailələr təşkil edir. O ailələr nə qədər sağlam, güclü olarsa, cəmiyyətimiz də bir o qədər möhkəm və parlaq gələcəyə sahib olar”.
Millət vəkili Könül Nurullayeva isə təcrübəli həkimlərin birlikdə çalışmasının insanlar üçün faydalı olacağını qeyd edib:
“Ölkə rəhbərliyinin səhiyyə sahəsinə göstərdiyi diqqət göz qabağındadır. Tibbi bazanın genişlənməsi və yeni xəstəxanaların açılması buna bariz nümunədir. İstərdik ki, “Liv Bona Dea Hospital” kimi tibb müəssisələrinin sayı artsın”.
Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Zeynalov çıxışında qeyd edib ki, Türkiyənin iqtisadi bazarda, biznes sektorunda çox böyük təcrübəsi var:
“Bizim bu təcrübədən yararlanmağımız ölkədə sağlam biznesə təkan verəcək. Bu kimi təcrübələrdən yararlanmaq ölkəmizdə dünya standartlarına cavab verən tibb müəssisələrinin yaranmasına zəmin yaradacaq. Bir sahibkar kimi biz hər zaman sizin yanınızdayıq. Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq dəstək verməyə hazırıq”.
Türkiyədən gələn iş adamları və könüllülərin nümayəndəsi Adalet İnanç hər bir ölkədə tibb müəssisələrinin, təhsil ocaqlarının, iş yerlərinin sayının çox olmasının əhalinin rifahının yaxşılaşdırılmasına kökləndiyini qeyd edib.
Tədbir zamanı Türkiyədən gələn digər iş adamları və könüllülər – Neslihan Tombul, Gözde Çelik, Jale Balcı, Seval Bahçıvan, professor Ebru Ural, eyni zamanda “Liv Bona Dea Hospital”ın baş həkimi Cabir Gülmalıyev, Lamiyə Bayramova, uzman həkim Ceyhun İsayev, Natavan Məmmədova, digər həkimlər və professorlar da fikirlərini səsləndiriblər.
Sonda Türkiyə və Azərbaycandan olan bir qrup nümayəndə heyəti təşəkkürnamələrlə təltif olunub.
Daha çox foto burada: Photostock.az
www.102info.az