Evlən düzələr…

Cəmiyyət

Kubra Məhərrəmova yazır…

Açığı adam nəsə yazmağa qorxur ki, gəlib deyəcəklər ki, əşşi həmişə olub da…

Səhərin gözü açılmamış məlum oldu ki, sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağı anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyeva öldürüb. Özü də necə, uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləyib. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Deməli ananın 20 yaşı, balanın isə bir yaşı var, daha doğrusu var idi, indi yoxdur. 

Son günlər bənzər məişət hadisələrinə baxsaq görərik ki, bəzən valideynlər öz övladlarını erkən nikaha sövq edirlər, yaxud onların erkən nikaha girməsinə göz yumurlar.

Ümumiyyətlə 18 yaşında qızını ərə verən atadan, anadan soruşsan ki, ay ana-ata nə xəbər idi, niyə 18 yaşında qızınızı ərə vermisiniz? Deyəcəklər ki, kasıb adamlarıq, dedik yükümüz azalsın, nə qədər ki, “gözü açılmayıb” “başını bağlayaq”, yaxud əsəbi idi, həkim dedi “nevrozu” var, dedik ərə getsə düzələcək. 

Bu cavablar ən geniş yayılan top üçlüyün içində olan cavablardır. Ümumiyyətlə bizim millət üçün “ərə get” və “evlən” düzələcək, ən müxtəlif xəstəliklər üçün ən geniş yayılmış “müalicə” üsuludur. Narkomaniya, əsəb xəstələri, irsi xəstəliklər, altsheymer, insult, şəkərli diabet, ürək xəstəlikləri, böyrək çatışzmazlığı, hətta sonsuzluq xəstəliyi belə dəfələrlə “evlən” düzələr üsulu ilə xalq təbabətində müalicə olunur. Bəzən bu “müalicə” üsulunun yanına “Quranla baxan”lar, ya da “molla” həmkarlar ittifaqı da qoşulur ki, üstündə üç-beş ərəb dilinə oxşar yazılar balon-balon sularda isladılıb bütün el-aləmə içirdilir. Qəbiristanlıqlarda arxeoloji qazıntılar aparılır, əcdadların sümükləri çıxardılıb, yerinə gəlincik, əski-qıfıl və s. tarixi artefaktlar basdırılır. Elə, ya belə, “molla”ların dediyinə görə bəxtlər açılır.  

Bəxtlər açılır, problemi olan insanlar “ailə” qurur. Baxırsan ki, nə oğlanın işi-gücü var, nə də qızın. Hər ikisinin də savadı-biliyi yox. Tamam, hər kəs oxumalı deyil. Bəs niyə əlində sənəti yoxdur heç birinin?! Anlayıram, heç də hamı 8-10 saat işləmək istəmir. Olsun. Elə adamlar var ki, onların təbiətində çalışmaq yoxdur. Onların ən balaca ehtiyaclarını belə sağdırsa valideynləri, sağ deyilsə qeyrətli bacı-qardaş varsa, onlar ödəyirlər. O da yoxdursa, qohum-qonşu əl tutur. Beləcə ömürlərini yola verirlər. 

O zaman sual yaranır, bəs niyə ailə qururlar? Kasıb ailə sayını çoxaltmaq üçünmü? Bədbəxt körpələrin sayını çoxaltmaq üçünmü? Yoxsa xəstə və ac uşaqların sayını çoxaltmaq üçünmü?  Televiziya kanallarına çıxıb onlar üçün məbləğ yığmaq üçünmü?  Məqsəd nədir? Əgər övlad sahibi olmaq istəyirsənsə, axı bunun üçün bir maddi baza qurmaq lazımdır. Ən azı baza ehtiyacları qarşılamaq üçün. 

Bu arqumentin qarşısına isə min illərdir bizim xalqımız “uşağı verən Allah ruzisini də verir” fikrini atır. Özü də elə atır ki, “Bayraqdar”ın atdığı mərmi bu kəlmənin yanında “roqatka”dan atılan daşa oxşayır. 

Yəni bu elə bir kəlmədir ki, inanclı olan da, deist olan da, ateist olan da deməyə söz tapmır. Çünki məntiq ilk sevgi hissləri kimi çilik-çilik olur, səpələnir adamın ayağının altına… 

Uşağı verən Allah ruzisini də verər deyənlər, bəli, Allah ruzini verir. Amma zəhmət çəkənə, hərəkət edənə verir bərəkətini. Bütün günü məhəlləni avara-avara gəzib, əlinə düşən üç-beş manatı kimyəvi və ucuz narkotiklərə verib, həzz alana vermir, əzizim. Allah zəkası, zəhməti ilə çörək qazanana verir bərəkətini. 

Ay gənc ana, tutalım səni aldadıb ərə veriblər bu kəsə. Bəs özün anlamırsanmı bu atadan doğduğun uşaq ən yaxşı halda xəstə gələcək dünyaya?! Ac qalacaq, o da səfil həyatı sürəcək, qaranlıq zirzəmidə ömür sürəcək. Sən isə hər gün onun ac halına baxıb qonşudan çörək dilənəcəksən? 

O gün bir taksi sürücüsü ilə istər-istəməz söhbətim yarandı. Yaşlı kişi idi. Dedi ki, ailəsini təkbaşına dolandırır. Həyat yoldaşı xərçəng xəstəliyindən vəfat edib. Evdə üç qızı var. Qızların heç birini oxutdurmayıb. Dedi ki, V-VI sinifdən çıxartdırıb oturtdum evdə, hələ də evdədirlər. 

Soruşdum ki, dayı, bəs niyə elə? Heç olmasa əllərində bir sənət varmı? 

Dedi ki, yox ay qızım, nə oxumaq. Bizim tərəfdə qızları oxutmurlar. Bir az məktəbə getdi bəsdir. Sənətdə ki, nə sənət? Salonda işləməyəcək ki? 

Anladım ki, yaşlı dayıya nə desəm də, mənə pis gözlə baxacaq. Deyəcək ki, buna bax, taksiyə oturmağı az deyil, hələ mənə, mənim qızlarıma ağıl verir.

Hə, onu da deyim ki, dayı bir çoxlarının təriflədiyi “Sovet” dövrünün adamı idi. 

Deməli bizim firqətimizdə elə bir şey var ki, heç bir siyasi quruluşlar, heç bir ideologiya bizi dəyişə bilməz.

Biz elə xalqıq ki, bizə lazım olanda İslam dinindən arqument gətiririk, lazım olanda Sovet quruluşundan, lazım olanda Rusiyadan, lazım olanda Türkiyədən. Amma əsas məntiqi tuta bilmirik ki, ay bacı, ay qardaş, nə qədər ki, özünə bir gün ağlamamısan, bu körpəni dünyaya gətirib bədbəxt eləmə…

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir