“Qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı sentyabr ayının son ongünlüyündə ayrı-ayrı rayonların inzibati ərazisində vətəndaşların torpaq sahələrində qanunsuz yolla ağac kömürü istehsal edən 23 ocaqxana və kömür quyusu aşkar edilib”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.
O qeyd edib ki, Şəki rayonunun Baş Şabalıd, Qax rayonunun Güllük, Tovuz rayonunun Hacı Həsənli, Göygöl rayonunun Toğanalı, Oğuz rayonunun Xalxalqışlaq, Qəbələ rayonunun Vəndam, Tikanlı, Ağsu rayonunun Dilman, Lerik rayonunun Daster, Quba rayonunun Rustov kəndlərində kustar üsulla kömür hazırlayan kənd sakinləri barəsində qanuna müvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv edilib.
Xidmət rəsmisinin sözlərinə görə, təəssüf ki, Azərbaycanın bəzi bölgələrində hələ də kustar üsulla kömür hazırlanır:
“Münbit torpaqlarda quyuların qazılaraq kömürün hazırlanması ilk növbədə torpaqları qeyri-münbit hala salır, kömür hazırlanarkən ondan ayrılan hissəciklər atmosferə yayılır, nəticədə insanların tənəffüs yollarında iltihaba və vərəm xəstəliyinə səbəb olur. Qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə ölkənin bütün ərazilərində reydlər davam etdirilir”.





İlhamə Əbülfət
www.102info.az