Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının etirazına səbəb olub.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlıları Koordinasiya Şurası (AAKŞ) 12 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.
AAKŞ İdarə Heyəti üzvlərinin yaydığı bəyanatda hərbi təxribat nəticəsində baş verən itkilər barədə ətraflı məlumat verilib. Ermənistanın beynəlxalq hüquq normalarına zidd təcavüzkar hərəkətinin səbəblərinə diqqət cəlb edilib. Bu genişmiqyaslı təxribata, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü nəzərə çatdırılıb:
“Ermənistanın bu addımları Cənubi Qafqaz bölgəsində aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Tarixi Vətənimizin işğaldan azad edilmiş bu ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı bir zamanda Ermənistanın təcavüzə yol verməsi bu prosesə hər vəchlə mane olmasının növbəti bariz göstəricisidir”.
Koordinasiya Şurası bu kimi halların bir daha təkrarlanmaması naminə beynəlxalq hüquq müstəvisində əməli addımların atılması, Ermənistan tərəfinin revanşizm ideyalarına son qoyulması və sülhə dəvət edilməsi istiqamətində səylərin artırılmasını dünya birliyindən tələb edib.
Azərbaycan diaspor təşkilatlarının hadisə ilə bağlı sentyabrın 13-də yaydığı birgə bəyanat isə Şimali Karolinada fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal tərəfindən Ağ Evə, dövlət katibi Entoni Blinkenə, dövlət katibinin müavininin köməkçisi Erika Olsona, senatorlar Riçard Börə və Tom Tillisə göndərilib.
Azərbaycan icmasının üzvləri iki ölkə arasında aparılan sülh danışıqlarına rəsmi İrəvan tərəfindən növbəti zərbə vurulmasından dərin narahatlıq hissi keçirdiyini bildirib və beynəlxalq birlikdən Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması üçün işğalçı dövlətə qarşı təzyiqlərin gücləndirilməsini xahiş edib.
ABŞ-ın Florida ştatında yaşayan və fəaliyyət göstərən azərbaycanlı gənclər də Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribata kəskin etiraz bildiriblər. Azərbaycan-Amerika Gənclər Assosiasiyasının təsisçisi və rəhbəri Nabat Eminovanın imzası ilə yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda Ermənistanın növbəti dəfə törətdiyi hərbi cinayət barədə ətraflı məlumat verilib və bu qanlı faciənin səbəblərinə diqqət cəlb olunub.
Bəyanatda baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb, rəsmi İrəvanın beynəlxalq hüquq normalarına, Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə növbəti zərbə vurmasına görə narahatlıq ifadə edilib. Gənclərimiz ABŞ ictimaiyyətini və dünya birliyini Ermənistanın qəbuledilməz davranışını pisləməyə çağırıb.
ABŞ-ın Texas ştatında yaşayan Azərbaycan icması 12 sentyabr təxribatı ilə əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət edib. Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin (USACI) rəhbəri Samir Novruzovun imzası ilə yayılan bəyanatda Ermənistanın hərbi təxribatı barədə ətraflı məlumat verilib, bu təcavüzün səbəblərinə diqqət cəlb edilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü nəzərə çatdırılıb.
Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq hüquq normalarına, bölgədə aparılan normallaşma və sülh prosesinə tamamilə zidd olduğu bildirilib. Azərbaycanın işğaldan azad edilmiş bu ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri apardığı bir zamanda məhz Ermənistanın hərbi təxribata yol verməsi bu prosesə hər vəchlə mane olmasının növbəti bariz nümunəsi kimi qiymətləndirilib: “Biz, Texas ştatında yaşayan Azərbacan əsilli amerikalılar, dünya birliyindən bu kimi halların bir daha baş verməməsi üçün beynəlxalq hüquq müstəvisində əməli addımların atılmasını, eyni zamanda Ermənistan tərəfinin revanşizm ideyalarına son qoyaraq sülhə dəvət edilməsi istiqamətində səylərin artırılmasını tələb edirik”.
ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminovanın imzası ilə yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda da təxribat barədə ətraflı məlumat verilib. Bildirilib ki, Florida ştatında yaşayan Azərbaycan icması Ermənistanın beynəlxalq hüquq normaları ilə bir araya sığmayan təxribatlarından dərin narahatlıq hissi keçirir. Soydaşlarımız təcavüzkar siyasət yürüdən Ermənistanın bölgədəki davamlı sülh prosesinə ciddi maneə olduğunu nəzərə çatdıraraq, beynəlxalq ictimaiyyəti bu qəbuledilməz davranışın qarşısının alınması və rəsmi İrəvanın sülhə sövq edilməsi üçün qətiyyətli addımlar atmağa çağırıblar.
ABŞ-ın Yuta ştatında fəaliyyət göstərən Yuta-Azərbaycan Dostluq Təşkilatı isə 12-13 sentyabr hadisələri ilə əlaqədar Birləşmiş Ştatların rəsmi şəxslərinə müraciət edib. Yuta-Azərbaycan Dostluq Təşkilatının sədri Əsmər Qarayevanın imzası ilə ABŞ Prezidenti Cozef Bayden, dövlət katibi Entoni Blinken, senatorlar Mitt Romni, Mayk Li və konqresmen Kris Stüarta ünvanlanan məktubda Ermənistanın hərbi təxribatı nəticəsində baş verən itkilər barədə ətraflı məlumat verilib. Beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu təcavüzkar hərəkətin səbəblərinə diqqət cəlb edilib.
“Biz, Yuta ştatında yaşayan Azərbaycan əsilli amerikalılar Ermənistanın müstəqil Azərbaycan dövlətinə qarşı təcavüzünün davam etməsindən dərin narahatlığımızı bildiririk. Qətiyyətlə bəyan edirik ki, Ermənistanın bu hərəkətləri iki ölkə arasında münasibətlərin normallaşması və Cənubi Qafqaz regionunda sülhün bərqərar olması prosesinə uyğun gəlmir. Biz sizi Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü pisləməyə, belə təxribatların təkrarlanmaması naminə beynəlxalq səviyyədə əməli addımların atılması üçün səylərinizi gücləndirməyə çağırırıq”, – deyə təşkilat sədri nəzərə çatdırıb.
Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “U.S.Azerbaijanis Network” (USAN) qeyri-hökumət təşkilatı isə Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan sərhədləri boyu törətdiyi növbəti hərbi təxribata etiraz əlaməti məqsədilə məktub kampaniyasına başlayıb.
Məktubda hərbi təxribatın təcavüzkar ölkənin baş naziri Nikol Paşinyanın Rusiyada keçirilmiş Şərq İqtisadi Forumundan qayıdandan, Brüsseldəki uğurlu sülh danışıqlarından, Azərbaycanın bu il Avropaya qaz tədarükünün 30% artırılması barədə bəyanatından sonra baş verdiyinə diqqət cəlb edilib.
Nəzərə çatdırılıb ki, Azərbaycan Ordusu erməni silahlı təxribatlarına çevik reaksiya versə də, Ermənistanın ABŞ-ın müttəfiqi olan Azərbaycana qarşı məqsədyönlü hərəkətləri barədə rəsmi və seçilmiş şəxslərin məlumatatlandırılması çox vacibdir. USAN soydaşlarımızı məktub kampaniyasında fəal iştirak etməyə çağırıb.
Aşağıdakı link vasitəsilə məktub kampaniyasına qoşulmaq mümkündür:
www.RIA24.az