“Ermənistanın apardığı siyasət çox anlaşılmaz və dolaşıqdır. Bu dövlətin istər daxili, istərsə də xarici siyasətində heç bir normal, rahat həll oluna biləcək prioritet hədəflər yoxdur”.
Bu fikirləri “Report”a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, ermənilər özləri də nə istədiklərini bilmirlər:
“Ermənistan hökumətinin iclaslarına nəzər salsaq, aparılan müzakirələrin olduqca mücərrəd olduğunu görəcəyik. Bütün bunlar Ermənistanın öz subyektivliyini itirmiş bir dövlət olduğunu və onun açarlarının, eyni zamanda idarəolunma rıçaqlarının İrəvanda olmadığını deməyə əsas verir. İndiki halda son toqquşmaların arxasında da kənar izləri görürük. Ermənistan müstəqil siyasət həyata keçirə bilsəydi, başqalarının əlində oyuncağa çevrilməzdi”.
Politoloq bildirib ki, kənar qüvvələrin Ermənistandan alət kimi istifadə edərək bölgədə gərginlik yaratması, bununla da Azərbaycana, Türkiyəyə təzyiqləri artırmaq cəhdləri və sülh prosesində öz əllərini yerləşdirməyə çalışmaq cəhdləri aydın görünür:
“44 günlük müharibədən sonra Azərbaycan təşəbbüs kimi altılıq platformasını irəli sürdü. Fikrimcə, bölgənin xilası altılıq formatının reallaşmasındadır. Burada söhbət Cənubi Qafqazın qarşıdurma meyillərindən, radikal prinsiplərdən uzaq olmasından gedir. Regionda gərginliyin səngiməməsi üçün çalışan qüvvələrin dəyirmanına su tökən də məhz Ermənistandır. 44 günlük müharibədən sonra erməni xalqının öz etimad mandatını Paşinyana verməsi onların cinayətkar Sarqsyan, Koçaryan diktaturasından canını qurtarmağa çalışdığının göstəricisidir. Bunu Nikol Paşinyan da anlayır. Lakin qətiyyətsiz siyasətçi olduğu üçün ümidini kimlərinsə diqtəsi ilə oturub-durmağa bağlayıb”.
T.Abbasov vurğulayıb ki, Azərbaycan dövləti bu gün olduğu kimi, gələcəkdə də vətəndaşının özünü təhlükəsiz hiss etməsi üçün əlindən gələni edəcək:
“Müstəqilliyin və suverenliyin əsas məğzi dövlətin kənar qüvvələrdən asılı olmaması, öz müqəddəratlarını özləri təyin etməsidir. Hansı ki, Azərbaycan da regionda öz müstəqil siyasi iradə göstərən, eyni zamanda sülh istəyən dövlətdir. Lakin özünə qarşı həyata keçiriləcək bütün təxribatlara lazımi cavabı vermək iqtidarındadır. Ermənistanın Azərbaycanla sərhəddəki təxribatlarının qarşısının alınmasında ordumuz bütün vəzifələrini yüksək səviyyədə icra edib və məqsədlərinə nail olub. Son yaşananlar bir daha ordumuzun gücünü, əsgər və zabitlərimizin yüksək peşəkarlığını bütün dünyaya nümayiş etdirmiş oldu”.
www.RIA24.az