“Ermənistan heç bir beynəlxalq hüquq normalarına əməl etmədən təxribatları davam etdirir. Brüssel danışıqlarında öhdəlik götürmüşdü ki, bu ilin sonunadək sülh müqaviləsi imzalanacaq və Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. Amma təəssüf ki, Ermənistan həmişə olduğu kimi, yenə öhdəlikləri yerinə yetirmədi. Nikol Paşinyan Zəngəzur dəhliziylə bağlı götürdüyü öhdəliyi yerinə yetirmək, minalanmış ərazilərin xəritələrini vermək istəmir. Çünki Ermənistanın törətdiyi cinayətlərin cəzası verilmir – 30 ildir qəbul edilən BMT qətnamələri hələ də icra olunmur”.
Bu sözləri Oxu.Az-a açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar, problemin həllinə vasitəçilik etmək istəyən dövlətlər Azərbaycanı inandırmağa çalışırlar ki, sülh müqaviləsi imzalanacaq:
“Amma Azərbaycan xalqı və dövləti onları yaxşı tanıyır: ermənilər sülh istəmir, əksinə, durmadan təxribatlar törədirlər. Baş verən gərginliyin səbəbkarı Ermənistan rəhbərliyidir. Ona görə də Azərbaycan dövləti onlara lazımi cavabla cəza verdi ki, ağıllarını başlarına yığsınlar. Əməllərinə davam etsələr, onları daha böyük cəza gözləyir.
Biz müharibə istəmirdik, 30 il sülh danışıqlarına sadiq olduq, istədik ki, torpaqlarımız sülh yolu ilə qayıtsın. Ancaq Ermənistan bundan imtina etdi. Hər birimiz Tovuz hadisələrini xatırlayırıq. Azərbaycan onların təxribatlarına dözməyərək əks-hücuma keçib torpaqlarını azad etdi. Amma müharibə də onlara dərs olmadı, təxribatlar davam edir”.
Həmsöhbətimiz bildirib ki, Ermənistan havadarlarına arxayındır, ancaq heç bir dövlət açıq şəkildə gəlib Ermənistan tərəfində Azərbaycana qarşı döyüşməz:
“Doğrudur, Ermənistana silah göndərə, dəstək verə, müxtəlif çıxışlar da edə bilərlər. Necə ki İran “sərhədlər dəyişdirilə bilməz” deyir. Amma 30 ildə bir dəfə demədi ki, bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır. İran bilmir ki, İrəvan Azərbaycan şəhəridir? Bilə-bilə Ermənistanın yanında dayanır və onu silahlandırır. Hətta xarici dövlətlərin əsgərləri Azərbaycana qarşı döyüşsələr də, qardaş Türkiyə bizim yanımızdadır. Dövlət başçısı Azərbaycanın milli maraqlarına uyğun addımlar atır. Onun müdrik qərarları nəticəsində biz qələbəni əldə edirik”.
Sayad Həsənli
www.RIA24.az