Son günlər ölkə gündəmini sərhəddə baş verən erməni təxribatı, bu təxribatın qarşısını alarkən qəhrəman hərbçilərimizin şəhidlik zirvəsinə ucalması ilə bağlı xəbərlər təşkil edir.
Hər zaman olduğu kimi, Azərbaycan xalqı bu cür həssas məqamlarda birlik-bərabərlik nümayiş etdirir. Şəhid dəfnlərində minlərlə insan Vətənin qəhrəman oğullarını son mənzilə yola salır, onların qarşısındakı vəzifələrini bir zərrə də olsa yerinə yetirməyə çalışır.
Bəli, şəhidi layiqincə son məzara yola salmaq onun qarşısındakı borcumuzun kiçik bir zərrəsini təşkil edir. Daha önəmlisi – bundan sonra əbədiyyətə qədər şəhidlərimizin xatirəsini yaşatmaq, onları ehtiramla yad etmək, ruhlarının şad olması üçün əlimizdən gələni etməkdir.
Təəssüf ki, şəhid xəbərləri aldığımız bu günlərdə ölkə gündəminə Azərbaycan xalqının dəyərlərinə, ənənələrinə və yüksək keyfiyyətlərinə yaraşmayan informasiyalar da gəlir.
Yəqin ki, artıq hər birimiz Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun çıxışı və sonrasında baş verənlərdən xəbərdarıq. Söhbət şəhid qardaşının doğmasını torpağa tapşırdıqdan cəmi bir gün sonra üzr videosu çəkməsi kimi ən yüngül halda “xoşagəlməz vəziyyət” adlandıra biləcəyimiz hadisədən gedir…
Ancaq sosial şəbəkə istifadəçilərinin, Azərbaycan ictimaiyyətinin məsələyə verdiyi reaksiyaya nəzər saldıqda baş verənlərə daha düzgün və bir qədər də qətiyyətli mövqe ortaya qoymağın zərurəti hiss olunur.
Cavabsız suallar çoxdur və hər birimizə maraqlıdır ki, şəhidin qardaşının üzr videosu çəkməsi nəyə və niyə lazımdır?
Üstəlik, bu məsələdə, məşhur ifadədə deyildiyi kimi, “kimdir müqəssir?” sualının cavabı qətiyyən önəm daşımır. Şəhidin qardaşının haqlı və ya haqsız olması, məsələnin təfərrüatı deyil Azərbaycan cəmiyyətində kəskin qəzəb doğuran. Hər birimizi maraqlandıran sual nəyə görə şəhid qardaşının üzr videosu yaymasıdır. Yəni doğrudanmı qəhrəman Azərbaycan hərbçisinin şəhadətə yüksəlməsindən bir neçə gün sonra onun qardaşının üzr videosunun çəkilməsi böyük bir zərurətə çevrilmişdi? Fərqi yoxdur, Sənan Əhmədov yalan da danışa bilər, Sənan Əhmədov haqlı da ola bilər, hətta Sənan Əhmədov keçirdiyi ağır stresin təsiri ilə öz fikirlərini ifadə etməkdə çətinlik də çəkə bilər. Qeyd etdiyimiz kimi, bu məsələdə müqəssir axtarmaq lazım deyil və heç bizim vəzifəmiz də deyil. Ancaq bu cür həssas məqamda şəhid qardaşını kamera arxasına keçib, üzr videosu çəkməyə vadar etmək – bax bu, sərt tənqidə tuş gəlməli, Azərbaycan ictimaiyyətinin haqlı qəzəbi, narahatlığı mütləq şəkildə ifadə olunmalıdır.
Ümumiyyətlə, şəhid bütün bir xalqın, onun hər bir fərdinin şəhididir. Yəni hər bir şəhidimizlə bağlı istənilən məsələ məhz xalqın diqqət mərkəzindədir. Bizim üçün şəhidlərimiz nə qədər əzizdirsə, onlarla bağlı məsələlər də bir o qədər həssaslıq tələb edir. Şəhidlər bizim hər birimizin ailəsinin bir üzvü, əbədi baş tacımızdır. Elə isə demək, şəhid bizim hər birimiz üçün ailədaxili məsələdir. Elə hər birimizin gözlədiyi də məhz bu cür həssas məsələnin ailə daxilində həlli, şəhidin ruhuna hörmətsizlik olmadan ən düzgün şəkildə aydınlığa qovuşması idi.
Demək ki, bu məqamda Sənan Əhmədovun üzr videosunun yayılması, şəhid qardaşının buna “zərurət” hiss etməsi heç birimiz üçün məqbul sayıla bilməz, hətta qəbulolunmazdır.
Yeri gəlmişkən, bu xoşagəlməz praktika Daxili İşlər Nazirliyi tərəfindən zaman-zaman istifadə olunur. Ancaq görünən odur ki, sözügedən praktika Azərbaycan cəmiyyətində qıcıq yaratmaqdan başqa bir şeyə xidmət etmir. Hətta hansısa məqamda dövlətin qanunlarını pozanların belə, xalqın qarşısında üzr istəməsi humanist Azərbaycan insanında qıcıq, narahatlıq doğururdusa, indi şəhid qardaşı ilə bağlı hadisənin oyatdığı reaksiyanın miqyasını təsəvvürə gətirin! Ona görə də vaxt itirmədən bu cür praktikaya son qoyulmalıdır! Son qoyulmalıdır ki, bir daha heç zaman, heç bir halda, heç kim şəhid qardaşını dəfn etdiyi günün səhəri kamera qarşısına çıxıb “üzr istəmək” məcburiyyətində qalmasın…
Orxan Tağıyev
www.RIA24.az