“Pelosinin Ermənistana səfəri səlibçi təfəkkürün parlaq nümunəsidir” – RƏY

Siyasət

“ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistanda axıtdığı timsah göz yaşları bəsit auditoriyaya hesablanmış növbəti oyun və təxribatdır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Pelosinin belə həssas dövrdə Ermənistana səfəri, verdiyi açıqlamalar açıq-aydın separatizmə dəstəyin nümunəsidir:

“Bir müddət öncə də Pelosi Tayvana səfər etməklə separatizmin dəstəkçisi olduğunu açıq nümayiş etdirib. O, növbəti belə səfəri Ermənistana edərək sülhü, xalqların birgəyaşayışını deyil, separatizmi dəstəklədiyini bir daha göstərib”.

Onun fikrincə, heç şübhəsiz ki, bu səfərdə Pelosinin əsas məqsədi seçkiqabağı dövrdə erməni lobbisinin dəstəyini qazanmaqdır:

“Artıq 82 yaşı olan Pelosi təqaüdə çıxmaq barədə deyil, hələ də Konqresdə kürsüsünü qoruyub-saxlamaq haqqında düşünür. Əslində reallıq, məsələnin mahiyyəti budur. Onun Ermənistanda verdiyi açıqlamalar bu fikri bir daha təsdiq edir. Qeyd etmək lazımdır ki, Pelosi hər zaman ənənəvi ermənipərəst mövqeyi ilə seçilib və onun Ermənistana səfəri zamanı bütün diplomatik çərçivələri aşan açıqlama və iddiaları bir daha bunu göstərir. Ermənistanın ərazi bütövlüyünə belə təəssüb və dəstək nümayiş etdirən Pelosi bu qədər ədalətli və haqqın tərəfindədirsə, 30 illik Ermənistan işğalçılığı dövründə niyə səsini çıxarmadı, Azərbaycana səfər etmədi, ölkəmizə dəstək nümayiş etdirmədi, azərbaycanlılara qarşı erməni vəhşiliyini pisləmədi?! Əgər Pelosi haqqın və ədalətin tərəfdarıdırsa, ermənilər işğal etdikləri ərazilərdə bütün yaşayış məskənlərini, infrastrukturu, qəbirləri, dini-tarixi abidələri dağıdarkən niyə bu vəhşiliyi pisləyən bəyanatlar vermədi?!”

Deputat bildirib ki, Azərbaycan 30 ilə yaxın müddətdə keçmiş Qarabağ münaqişənin sülh yolu ilə ədalətli həllinə çalışdı:

“Ancaq Ermənistan hər zaman bu cəhdləri pozdu. Nəhayət, Azərbaycan özü BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirərək torpaqlarını azad etdi. Həmin dövrdə biz Ermənistana qarşı hər hansı ittihamların səsləndirildiyinin şahidi olmadıq. Azərbaycan torpaqlarını azad etdikdən sonra ona qarşı bu cür ədalətsiz yanaşmanın nümayiş etdirilməsinin səbəbi nədir?”

C.Məmmədov sonda onu da qeyd edib ki, Pelosinin Ermənistana səfəri səlibçi təfəkkürün parlaq nümunəsidir:

“Onun timsah göz yaşları isə bəsit auditoriyaya hesablanmış növbəti oyun və təxribatdır. Hər kəsə məlumdur ki, tarix boyu türk xalqlarına qarşı soyqırımı məhz ermənilər törədiblər. Ermənistanın soyqırımına məruz qalmasını iddia etmək ən azından saxtakarlıqdır. Bu kimi açıqlama və bəyanatlar bölgəyə sülhün gəlməsinə, təhlükəsizliyin təmin olunmasına ciddi mane törədir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir