Hər hansı bir müşahidəçinin Dağlıq Qarabağa yerləşdirilməsi Bakı ilə razılaşdırılmalıdır.
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “RİA Novosti”yə müsahibəsində bu barədə bəyan edib.
“Nəzərə alınmalıdır ki, söhbət Azərbaycanın suveren ərazisindən gedir. Hər hansı bir qüvvənin, o cümlədən müşahidəçilərin yerləşdirilməsi Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır”, – deyə Bayramov vurğulayıb.
Onun sözlərinə görə, atəşkəsə əməl olunmasına nəzarət mexanizmlərinin tətbiqi həll prosesi ilə sinxronlaşdırılmalıdır.
“Əks təqdirdə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarının çıxarmaq niyyəti olmadan, müşahidəçilər sadəcə işğala əsaslanan vəziyyətin möhkəmlənməsinə xidmət edəcəklər. Atəşkəs üçün indi Ermənistanın öz öhdəliklərinə qəti niyyət etməsi, silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmağa başlaması lazımdır”, – deyə o, bildirib.