Bolqarıstanın Türkiyə ilə sərhədi yaxınlığındakı Haskovo vilayətinin Svilenqrad və Topolovqrad rayonlarında qeyri-qanuni miqrantlar səbəbindən qismən fövqəladə vəziyyət elan edilib.
Bu barədə vilayətin qubernatoru Minko Angelov məlumat verib.
“Fövqəladə rejim sentyabrın 23-ü günortadan etibarən tətbiq edilir və sentyabrın 29-u saat 12:00-dək qüvvədə olacaq. Səbəb sərhədyanı rayonlarda miqrasiya təzyiqinin artması ilə bağlı yaranmış mürəkkəb vəziyyətdir. Məqsəd ölüm hallarının və əhalinin əmlakına və ölkə iqtisadiyyatına, eləcə də ətraf mühitə ciddi ziyan dəyməsinin qarşısını almaqdır”, – Angelov bildirib.
“NovaTV” xəbər verir ki, oxşar tədbirlər Burqas və Yambol bölgələrində də həyata keçirilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən 103 998 miqrant Türkiyədən Bolqarıstana qeyri-qanuni yolla daxil olmağa cəhd edib. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çoxdur. Təkcə son bir həftə ərzində 6 264 sərhədi keçmə cəhdi qeydə alınıb.
Mənbə: TASS
www.102info.az