Dünyanın yeni iqtisadi qüdrəti olan Çinin tərəzisində Azərbaycanın ağırlığı artır və rəsmi Bakı da dünyada yeni münasibətlər sisteminin inşası cəhdlərinin tüğyan etdiyi zamanda Pekinlə əməkdaşlıq sferasını genişləndirmək əzmindədir.
“Kaspi” qəzetində Azərbaycan-Çin münasibətləri və ölkə başçılarının görüşünün perspektivləri ilə bağlı məqalə dərc olunub.
Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü oldu.
Görüşdə diqqətçəkən iki vacib məqam:
1. Liderlər ölkələrin ərazi bütövlüyünə, suverenliyinə hörmət və dəstəyi nümayiş etdirdilər,
2. Əliyevlə Cinpin Azərbaycanla Çinin strateji tərəfdaş olduğunu vurğuladılar.
Bildirək ki, iki ölkənin qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətləri siyasi, iqtisadi, humanitar, mədəni və digər sahələrdə müşahidə olunan hazırkı yüksək inkişaf dinamikasının əsasını təşkil edir.
Həlledici məsələlərdə heç bir gərginlik yaşanmayıb
Diqqətimizi fokuslayacağımız digər məqam budur ki, Azərbaycanla Çin bu zamana qədərki münasibətlərində həlledici məsələlərdə heç bir gərginlik yaşamayıb və əlaqələr yüksək səviyyəli mərtəbəyə çatıb.
Nəzərə almaq lazımdır ki, dünyanın iqtisadi qüdrəti olan Çinin tərəzisində Azərbaycanın ağırlığı artır və Bakı da dünyada yeni münasibətlər sisteminin inşası cəhdlərinin tüğyan etdiyi zamanda Pekinlə əməkdaşlıq sferasını genişləndirmək əzmindədir.
Azərbaycanın “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasında Çinin təşəbbüslərinin dəstəkverici qüvvəsinə çevrilməsi bu əlaqələrin dərin özüllərini formalaşdırır.
Azərbaycan “İpək Yolu İqtisadi Kəməri” boyunca yerləşən dövlətlər arasında qarşılıqlı əlaqə və qarşılıqlı mübadiləni həyata keçirir.
Bununla da Azərbaycan Böyük İpək Yolu ruhunun inkişaf etdirilməsinə və müasir şəraitdə ona yeni məzmun verilməsində mühüm rola sahiblənir.
Cinpinin Azərbaycana dəstəyinin “tərcüməsi”
Bütün bunlara görədir ki, Çin Azərbaycanın dünyadakı və regiondakı mühüm rolunu yüksək dəyərləndirir. Si Cinpinin İlham Əliyevlə görüşdə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə dəstək nümayiş etdirməsi həmin dəyərin indikatorlarından biridir. Bu, Bakı üçün böyük məna kəsb edir və “tərcüməsi” belədir ki, “mən BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi sənin maraqlarını dəstəkləyəcəyəm və beynəlxalq platformalarda təklənmənə yol verməyəcəyəm”.
Deməli, Azərbaycanla Çin arasındakı siyasi əlaqələrin möhkəmlənməsi yeni mərhələyə keçir və tərəflər bu bağları iqtisadi-ticari, nəqliyyat-logistika sahələrindəki əməkdaşlıqla daha da bərkidəcəklər.
Azərbaycanla Çin idxal-ixrac əməliyyatlarının miqyasını artıracaq, Zəngəzur dəhlizi layihəsi bu işdə böyük rol oynayacaq.
Azərbaycan-Çin münasibətlər müstəvisini beynəlxalq sistemdəki tendensiyalar fonunda da izah etmək lazımdır.
Fikir verək, Azərbaycanın strateji müttəfiqi Türkiyənin uyğur məsələsində Çinlə münasibətləri zaman-zaman gərginləşsə də, Pekin bunu Bakı əleyhinə istifadə edilən bir tezisə çevirmir. Ona görə də, məntiqlə bu mühakiməni səsləndirmək yerinə düşər ki, Azərbaycan bəzən Çinlə Türkiyə arasındakı gərginliyin aradan qaldırılması üçün körpü rolunu oynaya bilər.
Çin və Türk Dövlətləri Təşkilatı
Beynəlxalq münasibətlər arenasında Türk Dövlətləri Təşkilatının iti addımlarla irəliləməsi Çinin diqqətindən kənarda qala bilməz.
Çünki TDT böyük iqtisadi gücdür. Çin kimi iqtisadi ekspansiya ilə qüdrətlənən ölkə həmin potensialı öz xeyrinə inkişaf etdirmək istəyir.
Bu mənada Çin öz maraqlarını Mərkəzi Asiya ilə Cənubi Qafqaz regionunun iqtisadi-siyasi birləşdirici xüsusiyyətlərini cəmləşdirmiş TDT-yə inteqrasiya etmək niyyətindədir.
Çinin strateji baxış bucağının Cənubi Qafqaza fokuslanan hissəsi dünyanın siyasi xəritəsinin dəyişdirilməsi üçün atılan addımlar fonunda daha da itiləşir.
Azərbaycan 44 günlük müharibədə qələbə qazandıqdan sonra meydana çıxan reallıqlar, dünyada cərəyan edən proseslər Çinin Cənubi Qafqaza olan marağını gücləndirir.
Vəziyyət Çini təhrik edir ki, Cənubi Qafqazdakı habda iştirak dərəcəsini yüksəltsin və Rusiyadan regional iqtisadi rıçaqları qopara bilsin.
Çini buna vadar edən yuxarıda qeyd etdiyimiz Zəngəzur dəhlizi layihəsidir. Ona görə ki, Zəngəzur dəhlizi Çinin “Bir Kəmər, Bir yol” təşəbbüsündə “Orta Dəhliz” roluna yiyələnəcək.
İlham Əliyev Si Cinpinlə müzakirələrində “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğulayıb.
İqtisadi üstünlükləri siyasi müstəvidə istifadə planı
Əliyev-Cinpin danışıqlarından nəticə çıxarsaq, qeyd edə bilərik ki, tərəflər münasibətlərdəki iqtisadi üstünlükləri siyasi münasibətlərin yüksək səviyyəyə çatması üçün istifadə edəcək.
Panorama onu deməyə əsaslar verir ki, Çin Türkiyə və Azərbaycanın yeni dünya düzəninə daxil etdiyi TDT-yə də iqtisadi-siyasi sərmayə qoyaraq onun inkişafına təkan verəcək.
Bu, regionlararası qarşılıqlı əlaqələr və təmasların gücləndirilməsində, ikitərəfli və çoxşaxəli əməkdaşlıq platforması üçün pozitiv mənalar yükləyir.
Çin Azərbaycanın Rəqəmsal Ticarət Qovşağından Rəqəmsal İpək Yolunu tamamlamaq üçün yararlanmaq ssenarilərini də işə salacaq.
Bu o deməkdir ki, Çin Asiya-Avropa telekommunikasiya dəhlizini yaratmağı hədəfləyir.
www.RIA24.az