Bakının mərkəzində bacısını öldürən şəxs: “Yüngül həyat tərzi yaşaması məni bezdirirdi” – CİNAYƏT İŞİ

Cəmiyyət

Bakının mərkəzində bacısını qətlə yetirməkdə təqsirləndirilən Qabil Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qabilin hansı səbəbdən bacısını qətlə yetirməsi isə bu günə kimi ictimaiyyətə qaranlıq qalıb.

Lent.az həmin cinayət işinin istintaq materiallarını əldə edib.

İttihama görə, hadisə Səbail rayonu,“Xəqani” bağının yaxınlığında qeydə alınıb. Qabil Quliyev münaqişə zəminində bacısı Pərvanə Quliyevanı bıçaqlayaraq öldürüb.

Məhkəmədə danışan Qabil Quliyev özünü təqsirli bilib və qeyd edib ki, məqsədi bacısını öldürmək olmayıb:

“Bacım Pərvanə 2015-ci il tarixdə Əflatun Abbasovla ailə qurdu və Ömər adlı bir oğlanları oldu. Daha sonra bacım ilə Əflatun yola gedə bilmədikləri üçün boşandılar. Həmin vaxtdan Pərvanə Ömərlə birlikdə bizimlə yaşamağa başladı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bacısı ərindən ayrıldıqdan sonra çox dəyişib, yüngül həyat tərzi keçirib:

“Övladına qayğı göstərmirdi, evə gec gəlirdi. Təxminən bir ildən artıqdır ki, bacım evə çox az hallarda gəlirdi, onun evə gəlməməsi ilə bağlı bir neçə dəfə söz-söhbət oldu. Evdə olan zaman çalışdığımız qədər onu çölə buraxmırdıq. Pərvanə boşandıqdan sonra Toğrul adlı bir nəfərlə münasibət qurdu, təxminən bir ilə yaxın Toğrulla bir yerdə yaşadı. 2019-cu ilin əvvəllərində Toğrul bir neçə qadınla bizim evimizə elçiliyə gəlib Pərvanəni istədi. Həmin vaxt yanındakı qadınları anası, qardaşının arvadı kimi təqdim etdi, lakin həmin qadınlar onun qohumları deyildi. Həmin şəxslər Pərvanə ilə birlikdə Bakı şəhərində fəaliyyət göstərən gecə klublarından birində çalışırdı. Pərvanə ilə Toğrul da qeyd edilən gecə klubunda tanış olub, anam və atam bu məsələdən şübhələndiklərinə görə bacımı vermədilər. Lakin bacım israrından sonra onun Toğrulla getməsinə icazə verdilər. Bacım evdən getməsi ilə bağlı bir neçə dəfə onunla söhbət etdik, ondan evdən getməməsini, bizi utandırmamasını, ailəsi ilə birgə yaşamasını xahiş etdik. Ona dəfələrlə demişdim ki, yolunu azırsan. Lakin bacım məni saymadı, Toğrulla gedib yaşadı. Üstündən bir müddət keçəndən sonra Toğrul anam Zəminə ilə mobil telefon əlaqəsi saxlayıb onların evinə gələn elçilərin yalan olduğunu, bu elçiliyi Pərvanənin israrı ilə etdiyini bildirdi. Bundan sonra anam Pərvanəni evə gətirməsini tələb etdi”.

Qabil Quliyev deyib ki, səhəri gün Toğrul Pərvanəni evə gətirib qoydu:

“Ancaq arabir Toğrul evimizə gəlib Pərvanə ilə görüşürdü. Lakin son zamanlar bacımın Toğrulla münasibətinin olub-olmamasından xəbərimiz yox idi. 2019-cu ilin aprel ayının əvvəllərində babamın ölümünün ildönümü münasibətilə anam Zəminə, atam Nağı, bacım Pərvanə və onun azyaşlı övladı Ömərlə anamın ata evinin yerləşdiyi Naxçıvan Muxtar Respublikasının Şərur rayonuna getdik. Mən isə onlardan əvvəl Şərur rayonuna getmişdim. Aprel ayının axırına yaxın anam, atam və mən Bakı şəhərinə qayıtdıq. Bacım isə Şərur rayonunda xalam yanında qaldı. O, 2019-cu ilin may ayında Bakı şəhərinə gəldi. Aeroportda onu qarşılayıb evə gətirdik. Pərvanə bir müddət evdə qaldıqdan sonra yenə də çıxıb getdi. Onu müxtəlif yerlərdə axtarsaq da, tapa bilmədik. Artıq bacımın  tüfeyli və yüngül həyat tərzi yaşaması məni bezdirirdi. Pərvanənin gecə klublarında əyləndiyini, müxtəlif şəxslərlə görüşdüyünü, yüngül həyat tərzi yaşadığını eşidirdim”.

Qabil Quliyev evdə olan zaman Toğrulun anasına zəng elədiyini məhkəmədə deyib:

“Gecə saat 1 olardı. Telefonu mən götürdüm. Toğrul Pərvanənin hazırda “Malakan” (Xəqani) bağının yaxınlığında gördüyünü, onun avara qızlarla gəzdiyini bildirdi. Toğrulla danışdıqdan sonra yaşadığım evin qonaq otağında stolun üstündə olan mətbəx bıçağını götürüb cibimə qoydum. Qapıdan çıxanda anam və atam digər otaqdan səslənib nə baş verdiyini soruşdular. Onlara Toğrulun Pərvanəni gördüyünü, bacımın şəhərin mərkəzində olduğunu, onu götürməyə getdiyimi söylədim. Atam ona gözləməyimi, mənimlə birgə gələcəyini dedi. Atam ilə birgə yaşadığımız evin yaxınlığından keçən taksiyə əyləşdik, “Malakan” bağına gəldik. Atam ilə Malakan bağında bir müddət bacımı axtardıq, tapmadıqdan sonra “Tarqovu”ya  düşdük. Atamın yorulduğunu görüb ona getməsini, özümün də bir müddət onu axtarıb evə gələcəyini dedim. Atam evə qayıtdı, bir müddət bacımı axtarıb tapa bilmədikdə yenidən “Malakan” bağına qayıtdım. Orada ikən Toğrul gəldi. Saat təxminən 03:30 radələrində Toğrulla “Malakan” bağında olan skamyada söhbət edərkən bacımı bağın yaxınlığında sarışın bir qızla keçib getdiyini gördüm. Lakin Pərvanə məni görmədi, gedib “Malakan” bağının girişində “Xəqani” ticarət mərkəzinin yaxınlığında dayandılar. Orada bir maşına söykənmişdilər. Gördüm ki, avtomobilin içində adam var. Onlar maşında olan iti sığallayıb, həmin adamla söhbət edirdilər. Bunu görəndə mən daha da qəzəbləndim. Bacım həmişə mənim namusuna ləkə gətirən hərəkətlər etməsi, evdə söz-söhbət salması məni bezdirmişdi. “Malakan” bağı boyunca onlara tərəf getdim, üzərimdə olan mətbəx bıçağını çıxarıb arxa tərəfdən Pərvanəyə yaxınlaşaraq bıçaqla iki dəfə ona zərbə vurdum, zərbələrdən birini kürək nahiyəsinə, digərinin isə döş qəfəsi nahiyəsinə dəydiyini hiss etdi. Ona zərbə vuran kimi Pərvanə qışqırmağa başladı, yerə çöməlib ayağa durub “Malakan” bağına tərəf qaçdı. Bacımın yanında olan sarışın qız da qışqırdı. Bir iki addım Pərvanəyə tərəf gedib daha sonra fikrimi dəyişərək, evə qayıtmaq qərarına gəldim və “Xəqani” ticarət mərkəzinin qarşısı ilə “Tarqovu”ya girib  qaçmağa başladım”.

Qabil Quliyev deyib ki, telefonla valideynlərinə zəng edərək Pərvanəni bıçaqladığını deyib:

“Planım evə gedib, vəziyyəti evdəkilərə demək və daha sonra təslim olmaq idi. Taksiyə əyləşib evə gəldim. Baş verənləri anama və atama danışdım, gedib təslim olacağımı dedim. Hazırlaşıb evdən çıxarkən polis əməkdaşları gəldi və məni Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə apardılar. Bölmədə olarkən mən  Pərvanənin öldüyünü öyrəndim. Ancaq çox peşiman oldum, Pərvanənin ölməsini istəmirdim. Pərvanəni qorxutmaq məqsədilə vurmuşdum”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qabil Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir