Yaxın dövrdə Bakının Nizami küçəsinə bitişik İslam Səfərli küçəsi avtomobilsizləşdiriləcək. Bu barədə üç gün əvvəl Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. Küçədə çoxlu sayda tarixi abidə olduğu üçün belə bir addımın atıldığı bildirilib. Yeni layihəyə əsasən, küçə tam insanyönümlü olacaq və Qış parkı ilə Nizami küçəsi arasında piyada zolağı yaradılacaq.
Maraqlıdır, işlək olan bu yolda avtomobildən istifadənin qadağan edilməsi tıxac probleminə necə təsir göstərəcək?
Mövcud durumu Oxu.Az-a şərh edən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev hesab edir ki, tıxacların qarşısını almaq üçün Bakını tam piyadayönümlü şəhərə çevirməliyik:
“Yəni avtomobillərdən mümkün qədər az istifadə edilməsi üçün müxtəlif tədbirlər həyata keçirməliyik. Bir çox ölkələrdə, inkişaf etmiş böyük şəhərlərdə artıq bunu tətbiq edirlər. Ona görə də BNA-nın addımını normal qarşılayıram, amma bilməliyik ki, bu qərar müəyyən qədər tıxaclara təsir göstərəcək, çünki o küçəylə nəqliyyat vasitələrinin bulvar istiqamətinə hərəkəti təmin edilir. Amma gedişat onu göstərir ki, Bakını piyadayönümlü şəhərə çevirmək üçün bizim başqa yolumuz yoxdur”.
Ekspert diqqətə çatdırıb ki, gələcəkdə bir neçə istiqamətdə analoji addımı ataraq həm velosiped yollarını uzatmalı, həm də yeni piyada yolları təşkil etməliyik:
“İslam Səfərli küçəsinə avtomobil girişini qadağan etsək, demək olar ki, “Statistika dairəsi”ndən Nizami küçəsinə, oradan bulvara, daha sonra Ağ Şəhərə, Bayıl istiqamətinədək böyük bir ərazidə piyada hərəkət etmək və ya velosipedlərdən istifadə etmək üçün böyük imkanlar yaranır. Düşünürəm ki, avtomobilsiz əraziləri Bakı şəhərində çoxaltmalıyıq”.
Sayad Həsənli
www.102info.az