“Rəsmi Bakının irəli sürdüyü sülh təkliflərinə qarşı çıxmaq və Azərbaycana qarşı təxribatlar törətmək İrəvanı daha ağır fəlakətlərə sürükləyə bilər”.
Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Ermənistanın 2020-ci ildəki acı hərbi-diplomatik məğlubiyyətindən sonra Ermənistanın şok vəziyyətinə düşdüyünü qeyd edən deputat bildirib ki, işğalçı ölkənin hakimiyyəti, müxalifəti və cəmiyyəti çaşqınlıq içindədir:
“Bu vəziyyətdən istifadə edən bəzi xarici qüvvələr Ermənistanda revanşizm meyillərini gücləndirməyə çalışır. Xüsusilə də xaricdəki terrorçu təşkilatların əli ilə radikal birləşmələr, qruplar və faşist təmayülünə bağlı olanlar Ermənistanda aktivləşərək Azərbaycanla müharibəyə cəhd edirlər. Eləcə də hakimiyyətdəki qüvvələr xalq arasında, həmçinin Qarabağda öz mövcudluğunu göstərməyə cəhd edirlər. Bütün bunların isə heç bir mənası yoxdur, Azərbaycan Ermənistanın işğalçı ordusunu darmadağın edib, 44 günlük müharibə ilə regionda yeni reallıqlar yaradıb, dünya ictimaiyyətinə öz sülh gündəliyini elan edib. Bu, ölkəmizin regionda sülh və təhlükəsizlik, birgə əməkdaşlıq üçün açıq və sülhpərvər olmasını təsdiq edir”.
Deputat bildirib ki, rəsmi Bakının irəli sürdüyü sülh təkliflərinə qarşı çıxmaq və Azərbaycana qarşı təxribatlar törətmək İrəvanı daha ağır fəlakətlərə sürükləyə bilər:
“Ermənistan regionda gərginliyin qalmasında maraqlıdır. Bununla da onlar beynəlxalq ictimai rəydə manipulyasiya etməyə çalışır. Ermənistan hazırda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı işlərdən narahat olur və Böyük Qayıdışı sürətlə gerçəkləşdirən, doğma sakinlərin öz evlərinə dönüşünü təmin edən Azərbaycan hökumətinin bu davamlı tədbirlərinə zərər verməyə çalışır”.
A.Hüseynov vurğulayıb ki, Ermənistan 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır:
“Ermənistan prosesi uzatmaqla vaxt qazanmaq və öhdəliklərdən yayınmaq istəyir. Ancaq Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bu cür mənasız oyunların heç bir faydası yoxdur. Azərbaycan dövləti razılaşmada nəzərdə tutulan bütün şərtlərin icrası üçün öz qətiyyətli addımlarını davam etdirəcəkdir. Eyni zamanda, həmin sənəddə əks olunmuş qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması istiqamətində antiterror əməliyyatlarını həyata keçirəcək”.
Milli Məclisin deputatı qeyd edib ki, Ermənistanın radikal qüvvələri müharibədən nəticə çıxarmalıdırlar:
“Onlar bir qarış torpağımızı belə silah gücünə zəbt etmək fikrinə düşsələr, bu dəfə daha ağır zərbə alacaqlar. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha baş qaldırsın. Çünki Azərbaycan Ordusu düşmən təxribatlarının qarşısının alınması üçün kifayət qədər təsirli və effektiv tədbirlər görməyə qadirdir. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı belə hallar davam edəcəyi halda ordumuz yenə də ən sərt tədbirlər görəcəkdir. Yaranmış gərgin vəziyyətə görə bütün məsuliyyət isə tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”.
www.RIA24.az