Müharibə iştirakçısı: “Xalqın dəstəyi Azərbaycan Ordusuna xüsusi güc-qüvvət verib” – FOTO

Cəmiyyət

“44 günlük Vətən müharibəsində hər kəs “Vətən oğlu” statusunda mübarizə aparıb. Xalqın dəstəyi isə sözün əsl mənasında ordumuza xüsusi güc-qüvvət verib”.

Bu fikirləri “Report”a açıqlamasında tanınmış jurnalist, ehtiyatda olan baş leytenant, 44 günlük Vətən müharibəsi iştirakçısı Məğrur Əliyev deyib.

Vətən müharibəsinə yaşından və rütbəsindən asılı olmayaraq, çox böyük həvəs və coşqu ilə getdiklərindən bəhs edən jurnalist bildirib ki, müharibənin gedişatında döyüş yoldaşları arasında hərbi rütbə, vəzifə fərqi hiss olunmayıb, hər kəs “Vətən oğlu” statusunda mübarizə aparıb:

“Silahdaşlarımızın hər biri vətən qarşısında illərlə yığılmış həsrəti, qəzəbi, borcu ödəməyə çalışırdı. Bizim döyüş yolumuz Füzuli rayonunun Alxanlı kəndi istiqamətindən başlayıb, Cəbrayıl rayonu, Füzuli şəhəri ətrafında, daha sonra Hadrut və Tuğ kəndi, sonda isə Zəfər yolu ilə Şuşaya doğru irəliləyib. Müharibənin ilk günündən son gününə kimi ağır və uzun yol keçmişik. Çoxsaylı şəhidlərimiz, qazilərimiz olub və biz onları hər zaman fəxrlə yad edirik. 104 gün hərbi xidmətdə olmuşam, onun 44 günü müharibə günləridir. Şuşa ətrafında mərmi partlayışı nəticəsində xəsarət aldım, lakin müharibənin gedişatında yaralı olduğumu bildirmədim və yoluma davam etdim”.

Müharibə iştirakçısı xalqın birliyindən və dəstəyindən xüsusilə bəhs edib:

“Dəstək bütün istiqamətlərdə o qədər aydın hiss olunub ki, bu da sözün əsl mənasında ordumuza xüsusi güc-qüvvət verib. Müharibə zamanı mülki əhalidən ayrılırsan və tamamilə başqa bir dünyaya düşürsən. Hansı ki, orada mülki həyat, insanlar, mağazalar, bir sözlə, heç nə yoxdur. Buna baxmayaraq, xalqımızın ordu ilə vəhdətinin çox güclü olması onların dəstəyini həm mənəvi, həm də faktiki hiss etməyimizə imkan yaradırdı. İnsanlar bizə əllərindən gələn yardımları edirdilər. Bir sözlə, xalqımızın həm mənəvi enerjisini aydın şəkildə hiss edir, həm də praktiki olaraq görürdük. Belə ki, hələ müharibənin ilk günlərindən kimin gücü nəyə çatırdısa, əsgərə göndərirdi. Bunu necə dəyərləndirməmək olar?!”

M.Əliyev vurğulayıb ki, bütün bunları deməkdə məqsədi Azərbaycan xalqının müharibə dövründəki həmrəyliyini az da olsa təsvir etməkdir:

“Bizim xalq olaraq aramızda bölgü yox idi. Hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğaldan azad olunması üçün fərqli formada mübarizə aparırdı. Müharibəyə bütöv xalq və dövlət olaraq girmişik, xalq və dövlət olaraq qalib gəlmişik. Qələbəmizin qazanılmasında hər bir azərbaycanlının bu və ya digər şəkildə rolu var”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir