Müəllim üçün bir tək orxideya… “Axşambazarı”ndan REPORTAJ + FOTO

Cəmiyyət

Müəllim – bizə hər elmin açarını öyrədən şəxsdir.

Hər birimizin üzərində müəllimlərin əməyi var. Sabah, oktyabrın 5-i – Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Özəl günlərdə olduğu kimi, Müəllimlər Günündə də ən çox yada düşən gül dükanları olur. Hər bir valideyn və ya şagird müəllimi təbrik etmək üçün ona gül hədiyyə etməyə çalışır.

Gül dükanlarında isə qiymətlər bayramdan-bayrama dəyişir. Adi günlərdə təxminən iki manata satılan bir qızılgülün qiyməti bayram vaxtı, eləcə də əlamətdar günlərdə 4-5 manat olur.

Mövcud durumla maraqlanmaq üçün Oxu.Az-ın əməkdaşı son zamanlar adını daha çox eşitdiyimiz gül dükanlarına üz tutur.

Dükanda sıxlıq müşahidə olunur. Hətta əlamətdar gün ilə əlaqədar simvolik gül buketləri də hazırlanıb.

Satıcının sözlərinə görə, bəzi gül salonlarından fərqli olaraq, onlar 5 oktyabr ilə əlaqədar sərfəli kampaniya hazırlayıblar:

“Ona görə də müştərilərin sayı-hesabı yoxdur. Standart gül buketi 25 manatadır. Hər qiymətdə buketlərə rast gəlmək olar. Beş qızılgül, içərisində xırda güllər olan buketin qiyməti 25 manatdır. Belə buket nə çox böyük, nə də kiçikdir. İstəyə uyğun qiymət də dəyişir”.

Digər bir gül mağazasının satıcısı isə qızılgül ilə yığılan buketlərin baha olduğunu söyləyir:

“Qiymətlər gül sayına görə dəyişir. Buketlər 20-25 manatdan başlayır, 30-40-50 manatadək dəyişir”.

Başqa bir gül salonunda buketlərin qiyməti 45 manatdan başlayır:

“45 manatlıq buketə istəyə uyğun sayda, növdə güllər əlavə edilir. Qızılgülün qiyməti də dəyişir: 4-5-6 manatadır”.

Mağazaların birində isə balaca bir qutuda olan gül kompozisiyasının 89 manat olduğu məlum olur:

“Qutularda olan güllərin qiyməti 35 manatdan başlayır. Buketin ölçüsündən asılı olaraq qiymət dəyişə bilər”.

Satıcı hazırda qiymətlərin münasib olduğunu əlavə edir:

“Elə qiymət qoyurlar, müştərilərin yanında pis vəziyyətdə qalırıq. Üç-dörd gündür ki, sifariş vermək istəyənlər var. Hamısının sifarişindən imtina etmişəm. Qiymətlərin nə yerdə olduğunu bilmirəm. Minimum 20-25, 30 manatdan başlayır. 40-50 manat arası dəyişir. Hər çeşiddə olur. Gül sayına görə qiymət də dəyişir. 20 manatlıq gül balaca çantalarda olacaq. Buketdə həcmli olmur. Yenə də əlimizdən gələni edirik ki, müştərilər əliboş qalmasınlar”.

Başqa bir gül salonundan bildirilir ki, ən aşağı qiymət 35-40 manatdan başlayır:

“Müəllim üçün buketlərin qiymətləri 35-40 manat arası dəyişir. Deyiləcək say yoxdur. O, quruluşundan asılıdır. Tək qızılgüllərin qiyməti isə üç manatdan başlayır”.

Əksər mağazalarda sıxlıq müşahidə edilmir. Hətta sifarişin olmadığını deyənlər də var:

“Hər qiymətə buket var. 25 manatdan tutmuş 70-80 manata qədər var. Çox az sayda valideyn müraciət edib. Ən orta qiymət özlərinin istəyinə uyğun 30-35 manat olur. Tək orxideyalar alırlar”.

Müşahidələrdən aydın oldu ki, sentyabrın 15-dən, ilk dərs günündən bu günə qədər qiymət artımı müşahidə edilməyib. Satıcılar müştəri azlığından şikayətlənirlər.

Dediklərinə görə, ən çox rəngli güllər və qızılgüllər satılır, dibçək güllərinə daha çox maraq var.

Növbəti satıcı bayram ab-havasının hiss olunmadığını qeyd edir:

“Sabah 5 oktyabrdır. Lakin hələ də heç bir sifariş qəbul etməmişik”.

Sonda isə zəmanənin dəyişdiyini qeyd edir.

Daha çox foto burada: Photostock.az

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir