“Konsertlərdə qürurla oxuyurduq ki, “Qarabağ bizimdir”, amma bir utandığımız yer var idi…”

Mədəniyyət

“Təsəvvür edin ki, indi mən hansı hissləri keçirərəm. Orda həm konsert vermişəm, həm əsgərlərimizlə görüşmüşəm, həm də mən oxuyan yerdə güllə səslərinin, əsgərlərimizin şəhid olmasının canlı şahidi olmuşam”
Bunu açıqlamasında Xalq artisti Mələkxanım Əyyubova torpaqlarımızın işğaldan azad olunması haqda danışarkən deyib:
“1988-ci ildən bəri, yəni müharibənin o qanlı nöqtələrinin, indi alınan yerlərin hamısında olmuşam. Təsəvvür edin ki, indi mən hansı hissləri keçirərəm. Orda həm konsert vermişəm, həm əsgərlərimizlə görüşmüşəm, həm də mən oxuyan yerdə güllə səslərinin, əsgərlərimizin şəhid olmasının canlı şahidi olmuşam. Ona görə həm bir vətəndaş, həm bir sənətçi, həm də o torpaqları gəzən adam kimi çox qürur hissis keçirirəm. Elə hadisələr olub ki, onları heç danışa bilmirəm, həyəcansız, gözyaşı olmadan onu danışmaq mümkün deyil. Bir dənə onu deyə bilərəm ki, bu günki gün sevincimizin həddi-hüdudu yoxdur, çünki 30 ildən sonra bizim dövlətimizin başçısı, Allah ona can sağlığı versin, xalqımızı sevindirdi. Dünyada yaşayan soydaşlarımız da bizim kimi sevinir. Xalqımız bir yumruq kimi birləşib. Bizim ürəyimiz o qədər safdır ki, ordumuzun əsgəri düşməninə də güllə atmağa qıymır, başa salır ki, öz xoşunla torpaqlarımızdan çıx get. Amma lazım olan yerdə əlbəttə, sözünü deyir, mülki əhaliyə güllə atmır. İnanırıq ki, tezliklə bu qələbə sevincini hamımız yaşayacağıq. Bu gün həqiqətən doğum günümü keçirmirəm, qələbə xəbərimiz mənim ad günüm olacaq”.
Xalq artisti öz yaxınlarının da döyüşdə iştirak etdiyini bildirib:
“Hazırda qardaşımın oğlu, həyat yoldaşımın xalası uşaqları döyüşdədir, amma bunları demək istəmirəm, hamımızın borcudur o torpaqları qorumaq. Oğlum hərbi xidmətini başa vursa da, o da cəbhəyə gedib-gəlir. Əsgərlərimizə ərzaq aparır, köməklik edir. Mən ona qürurlanıram ki, vətənpərvər övladlar böyütmüşəm. Bizim övladlarımız bu ruhda böyüyüblər. Hər bir valideyn istəyər ki, onun övladı vətənpərvər olsun. Allah eləsin tez bir zamanda bu məsələyə nöqtə qoyaq. Düzdü, xaricə konsertlərə gedirdik, üzümüz gülürdü, qürurla oxuyurduq ki, “Qarabağ bizimdir”, amma hardasa bir utandığımız, üzükölgəliyimiz var idi. Allah eləsin ki, torpaqlarımızı hər bir qarışını işğaldan azad edək və başımızı dik tutaq. Buna görə biz Ali Baş Komandanımıza, rəşadətli ordumuza təşəkkür edirik. Azərbaycanda çox gözəl bir tarix yazılacaq”.
Xatırladaq ki, bu gün Mələkxanım Əyyubovanın doğum  günüdür.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir