“ Dünən Laçın rayonu erməni işğalından azad olundu. Bu möhtəşəm, unudulmaz gün münasibətlə bütün Azərbaycan xalqını, laçınlıları, möhtəşəm qələbəyə sevinənlərin hamısını ürəkdən təbrik edirik. Çox böyük qürur hissi ilə qeyd edirik ki, artıq heç bir azərbaycanlı qaçqın deyil, onlarla yanaşı, biz də doğma torpaqlarımıza qovuşduq, ölkəmizin ərazi bütövlüyü təmin olundu.” Bu sözləri yap.org.az saytına müsahibəsində millət vəkili Kamaləddin Qafarov bildirmişdir.
Millət vəkili qeyd etmişdir ki, 44 günlük müharibə 300-ə qədər kəndin, 5 şəhərin, 4 qəsəbənin, xeyli sayda strateji yüksəkliklərin işğaldan azad olunmasını təmin etdi. Ermənistanın başqa çıxış yolu yox idi, ya birgə Bəyanata imza atmalı, ya da tamamilə məhv olmalı idi. Azərbaycan Ordusu işğalçı dövləti diz çökdürdü. 10 noyabr tarixli üçtərəfli bəyanat işğalçı dövlətin kapitulyasiyasını əyani sübut edən rəsmi sənəddir, Ermənistan və onun havadarları olan dövlətlər bir daha dərk etdilər ki, saxta tarix heç zaman reallıqları əvəz edə bilməz. «Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu isə düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik» söyləyən cənab İlham Əliyevin də qeyd etdiyi kimi, indi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır.»
Kamaləddin Qafarovun fikrincə, indi qarşıda duran vəzifələri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev çox dəqiq müəyyənləşdirilmişdir və bu istiqamət bizim hamımız üçün gələcək fəaliyyət
proqramı olmalıdır:”Ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir”.