Bilinməlidir ki, Rusiya Qarabağda nə etmək istəyir?

AKTUAL

13 dekabrda Rusiya Müdafiə Nazirliyi Qarabağda “sülhməramlıların” yerləşməsini göstərən xəritəni yayıb.  Xəritədən görünür ki, son günlər Azərbaycan ordusuna qarşı təxribat törədən erməni terrorçuları Çaylaqqala və Köhnə Tağlar kəndlərindən təmizlənəndən sonra bölgəyə gələn rus hərbçiləri burada mövqe tutaraq  nəzarət zonasını  genişləndiriblər. Belə çıxır ki, bundan sonra hansısa ərazilərdə baş verə biləcək erməni terrorunun qarşısı alınanda ruslar həmin yerləri nəzarətə almalıdır? Noyabrın 10-dan bəri  Qarabağda  Rusiya “sülhməramlı”larının himayasində  cəzasız qalacaqlarına arxayın olub,  rahatlaşan ermənilər həyata keçirmək istədikləri  planlarını onlarla koordinasiyalı etməyə çalışırlar. Məhz bu arxayınlığa görə terrorçu Arayik Arutunyan Moskva səfərindən qayıdandan sonra  “etimad  hökuməti” formalaşdırır, birinci  Qarabağ Savaşının əsas  hərbi cinayətkarlarından biri olan Balasanyanı hərbi     vəzifəyə təyin etməklə “ordunun yenidən qurulmasından”  dəm vurur,  soyqırım törədikləri  Xocalı və Qaradağlıda aparılacaq tikinti işlərindən,  məskunlaşdırmadan danışır. 
10 noyabr anlaşmasına görə  Rusiya ordusunun “sülhməramlı missiya” ilə Qarabağa yerləşməsi    Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaratdı. Narahatlığın səbəbi iki yüz ildir cənubi Qafqaza yerləşən Rusiyanın Azərbaycana xoş olmayan  münasibəti, son 30 ildə 20 yanvar və Xocalı faciələrində  iştirakı, Qarabağda erməni problemini yaradıb, idarə etməyə çalışması olub. Birinci Qarabağ savaşında Rusiya ordusunın Ermənistan tərəfindən hərbi əməliyyatlarda iştirakı və son hərbi əməlliyatlara  qədər havayı silah, sursatla təminatı hələ unudulmyıb. Bu  bir ayda  Qarabağda baş verənlər narahatlığın əbəs olmadığı ortaya çıxardı. 
Rusiya “sülhməramlılarının”  bölgəyə gəlişindən sonra  missiyasından kənar fəaliyyətlərinə diqqət yetirmək lazım. Anlaşmaya görə münaqişə zonasında  1960 hərbçi, 90 ədəd zirehli maşın, 380 ədəd avtomobil və xüsusi texnika ilə təhciz edilmiş   Rusiya “sülhməramlısı”  olmalıdır. Amma  ilk günlərdən verilən açqlamalar, “sülhməramlıların” arsenalına anlaşmada nəzərdə tutulmayan tanklar, PUA-lar, Mİ-8 və Mİ-24 helikopterləri, aviasiya kimi hərbi texnikanın cəlb edilməsi Rusiyanın  heç də xoş məramından xəbər vermirdi. Rusiyanın  Qarabağda Humanitar Reaksiya Mərkəzi, səhra xəstəxanası   yaratması, FHN-nin dəstələrinin infrastrukturun bərpası və təmir işləri adı ilə bölgəyə gətirməsi, xunta rejimin terrorçu başçısı ilə mütəmadi təmaslar, Xocalı hava limanının yenidən işə salınması istiqamətində fəaliyyətlər, erməni qaçqınların anlaşmaya zidd olaraq BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığı və Azərbaycanla əlaqələndirmədən sürətlə geri qaytarılması kimi  özbaşına fəaliyyətlər Azərbaycanın  suveren hüquqlarına hörmətsizlikdən daha ciddi məna daşıyır. Qeyd edilənlərin  sülhməramlı missiyanın “münaqişə tərəflərini ayırmaq,  insidentlərin qarşısını almaqla təhlükəsizlik məsələlərini tənzimləmək,  qanunsuz hərbi birləşmələrin tərksilah edilməsini həyata keçirmək” kimi fəaliyyətlə heç bir əlaqəsi yoxdur. Bu fəaliyyətlər  işğalçı tərəfin davranışı  kimi dəyərləndirilməlidir. Bir ay ərzində 39 min erməninin Qarabağa geri gətirildiyini elan edən Rusiyadan, bölgədəki 25 minlik işğalçı Ermənistan ordusunun 39 hərbçisinin çıxarıldığı haqda məlumat eşitmədik. Geri gətirilənlərin kimliyi, onların arasında hərbi cinayətkarların olub olmaması   haqqında məlumatlar Azərbaycanla paylaşılırmı? Rusiyadan bir ay ərzində yalnız  İrəvan üzərindən 250 təyyarə reysi ilə  Qarabağa yüklər  gətirilib. Sual olunur bunlar nə yükləridir? Bəlkə Rusiya Suriyadakı  “Himeynim”  bazasının analoqunu burada qurmaq istəyir?  Xocalı hava limanının işə salınması üçün gecə-gündüz fasiləsiz  çalışmaların məqsədi nədir? Maraqlıdır Rusiya Qarabağdakı  missiyasından kənar fəaliyyətlərlə bağlı Bakı ilə müzakirə aparırmı? Rusiyanın Qarabağdakı bu günkü “sülhməramlı missiyası”  ilə 1988-ci ildəki  bədnam “Volski komitəsi”nin fəaliyyətlərindəki  bənzərlik haqlı narahatlıq yaradır. Xocavəndin Çaylaqqala və Köhnə Tağlar kəndlərindən terrorçuların təmizlənməsi  məsələsinin Moskvada Rusiya və Ermənistan MN-lərinin görüşündə  müzakirəsi suallar yaradır. Azərbaycan ərazilərinin məsələsi niyə  Ermənistanla müzakirə edilməlidir? Rusiya ilə bütün məsələlər müzakirə edilərək onlara aydınlıq gətirilməlidir. Bilinməlidir ki, Rusiya Qarabağda nə etmək istəyir?  Problemin həll edilərək bölgədə sülh , əməkdaşlıq mühitinin yaranmasınımı, yoxsa  ənənvi siyasətini davam etdirib  işğalçıları və separatçıları qorumaqmı istəyir?  Bunlar aydınlaşmadıqca, cəmiyyətdə  Rusiyadan narazılıq artmaqda davam edəcək. Bunun Rusiyanın zərərinəmi, xeyrinəmi olacağını özü müəyyən etməlidir. Faktiki hazırkı durumda “sülhməramlıların” fəaliyyəti Türkiyə prezidenti Ərdoğanın səsləndirdiyi və  Putinin də dəstəklədiyi əməkdaşlıq formatının əleyhinə yönəlib. Azərbaycanda Rusiyaya inamın tam itməməsi üçün 10 noyabr  anlaşmasına  uyğun olaraq “sülhməramlılar”  Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərməli, hələ də bölgədə qalan işğalçı Ermənistan ordusunun ən qısa zamanda oradan çıxarılmasını, “Artsax” müdafiə ordusu adlanan terror təşkilatının tərksilah olunmasını təmin etməlidir. Qarabağda gərginliyin azaldılması və atəşkəsin davamlı olması üşün    Türkiyə hərbçilərinin Atəşkəsə Nəzarət və Müşahidə missiyasına başlamaları qısa müddətdə həllini tapmalı,  onlar  Müdafiə Naziri Hülusi Akarın da bildirdiyi kimi həm də təmas xətti boyunca patrul xidməti də həyata keçirməlidir.
Uzun müddət Ermənistan ordudunun Baş qərargah rəisi və son zamanlar baş hərbi nəzarətçisi olmuş general Movses Akopyan bu gün mətbuat konfransında “İkinci Qarabağ savaşında “İsgəndər” raketlərindən istifadə etdiklərini” açıqlayıb. Onun fikrini təstiqləyən və Şuşa adı çəkən hərbi ekspert Qriqoryan raketdən müharibənin ən son anlarında istifadə edildiyini deyib. Strateji silah olan bu raketin Qarabağda yerləşdirildiyi haqda əvvəllər də yayılan məlumatlar ermənilər tərəfindən dolayısı yolla təstiqləndi. İsgəndər raketlərini Ermənistana hədiyyə edib, bu gün Qarabağda “sülhməramlı yerləşdirən Rusiya hansı məqsədə qulluq edir?

Oqtay QasımovSiyasi şərhçi

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir